RU

İntellektual e-kitabxanaların səmərəli idarə edilməsində tövsiyə sistemlərinin tətbiqi məsələləri araşdırılır

Bakı, 13 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova bu struktur bölmənin 2024-cü il üzrə hesabatını təqdim edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Məruzəçi şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparıldığını qeyd edib.

M.Səidova “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusunda dissertasiya işi çərçivəsində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə “İntellektual e-kitabxanaların səmərəli idarə edilməsində tövsiyə sistemlərinin tətbiqi məsələləri”, “Sentiment analiz metodlarının intellektual e-kitabxanalara tətbiqi məsələləri və perspektivləri”, eləcə də “İntellektual e-kitabxanalarda informasiya təhlükəsizliyi məsələləri” mövzularında məqalə və tezislər hazırlanıb.

Sonra məruzəçi şöbədə “Azərbaycanda elektron kitabxanalar şəbəkəsinin formalaşdırılması problemləri və həlli yolları” mövzusu üzrə yerinə yetirilmiş işlərdən bəhs edib. Onun sözlərinə görə, e-kitabxanalar şəbəkəsinin formalaşdırılmasında beynəlxalq təcrübə öyrənilib, e-kitabxana sahəsində mövcud dövlət siyasəti, həmçinin ölkədə e-kitabxanaların formalaşdırılması məsələləri araşdırılıb.

O, cari il ərzində elmi məqalələrin nəşri ilə bağlı məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi şöbədə beynəlxalq elmi əlaqələr çərçivəsində “Crossref” şirkətilə əməkdaşlıq edilməsi və “Grammarly” və “StrikePlagiarism” antiplaqiat proqramlarının istifadəsi haqqında məlumat verib. Həmçinin şöbə əməkdaşlarının elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra M.Səidova elmi-innovasiya fəaliyyəti üzrə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Həmçinin institutda çap olunan jurnal məqalələrinə, konfrans materiallarına və s. DOI adların alınmasından bəhs edib.

Hesabatla bağlı ətraflı müzakirə aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Elmi informasiya və elmmetriya şöbəsinin illik hesabatı ilə bağlı fikirlərini bölüşüb, intellektual e-kitabxanaların səmərəli idarə edilməsində tövsiyə sistemlərinin tətbiqi, eləcə də intellektual e-kitabxanalarda informasiya təhlükəsizliyi məsələlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Избранный
15
azertag.az

1Источники