İsrailin müdafiə naziri İsrael Katz orduya qış aylarında, dekabrın 7-dən sonra Hermon dağında işğal olunmuş ərazidə qalmaları üçün təlimat verdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Katz Suriyada Əsəd hökumətinin devrilməsindən sonra İsrail ordusuna bufer zonada qalmaq üçün lazımi hazırlıqları görməyi tapşırıb:
“Suriyada baş verənlərə görə Hermon dağının ələ keçirilməsi təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. İsrail ordusunun bölgədə hazırlığını təmin etmək və qoşunların çətin hava şəraitində orada qala bilməsi üçün hər şeyi etmək lazımdır”.
Xatırladaq ki, noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra və dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb.