Cavanşir Əliyev: “İndiki dövrdə heç kim kağız kitablara həvəs göstərmir”
Kitabxanalara maraq gündən-günə azalır. Son nəticədə isə kitabxanalar ixtisar olunur. Kitabxanalar sosial institut kimi yox olmaq təhlükəsi ilə üzləşib. İnsanlar, şagirdlər və müəllimlər üçün nəzərdə tutulmuş zəngin informasiya mənbəyi olmasına baxmayaraq, statistik göstəricilər onların istifadəsinin çox aşağı səviyyədə olduğunu göstərir. Xüsusən də rayon, kənd kitabxanalarının vəziyyəti lap bərbaddır.
Qeyd edək ki, kənd kitabxanalarının sayı 2008-ci ildən etibarən azalmaqdadır. Əgər 2008-ci ildə kəndlərdə 3402 kitabxana vardısa, bu il onların sayı 2502-dir.
“Kitabxanalar təkcə kitab saxlamaq yeri deyil, həm də şagirdlər və müəllimlər üçün təhsil və mədəniyyət mərkəzi olmalıdır”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycanın ənənəvi, klassik kitabxanalarının vəziyyəti heç də xoşagələn deyil: “Kitabxanaların yox olmasının müxtəlif səbəbləri var. İlk olaraq bildirim ki, oxucular bu sahəyə ögey münasibət bəsləyir. Həmçinin, elektron kitabxanaların yaranması da kitabxanalara münasibətin dəyişməsinə səbəb oldu. Beləliklə, oxucu evdən çıxmadan smartfon telefon və ya noutbuk vasitəsilə istədiyi kitabı elektron formada oxuya bilir. Bu isə ənənəvi, klassik kitabxana mədəniyyətinin get-gedə məhv olması deməkdir. Ənənəvi kitabxanaçılıq sahəsini saxlamaqla yanaşı, modern virtual kitabxanaçılıq da inkişaf etməlidir”.
Ekspertin sözlərinə görə, indiki dövrdə heç kim kağız kitablara həvəs göstərmir, nə də oxumağa can atmırlar: “Əvvəllər bədii ədəbiyyata, poeziyaya maraq çox idi. Amma indi format dəyişib, hətta mütaliənin fəlsəfəsi də dəyişib. Yeni virtual elektron vərdişlər yaranıb. O vərdişlər imkan verir ki, hər kəs öz sahəsinə aid kitablar oxusun. Kitabxanalar təkcə kitab saxlamaq yeri deyil, həm də şagirdlər və müəllimlər üçün təhsil və mədəniyyət mərkəzi olmalıdır. Bu məqsədlə mütaliə saatları, müzakirələr və kitab təqdimatları kimi tədbirlər keçirilməli, şagirdlər kitablarla daha yaxından tanış olmalıdırlar”.
Günel CƏLİLOVA