RU

Bir saatlıq Makron-İvanişvili telefon danışığının ilginc detalları...

Image

Bəhruz Quliyev: “Qarşıda Ermənistana Fransanın hərbi yardımları çatdırmaq problemi var”

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Məlumatı “Gürcü Arzusu” yayıb. 

Məlumatda bildirilib ki, telefon danışığı Fransa Prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib: “Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib”.

İnandırıcı görünmür ki, 1 saatdan çox çəkən telefon danışığı yalnız Gürcüstanda yaranan vəziyyətlə əlaqədardır. Ola bilərmi ki, Makron Gürcüstan üzərindən Ermənistana silah daşınması ilə bağlı icazə istəyir və bunun müqabilində Tbilisi ilə Brüssel arasında gərgin olan münasibətlərdə yardımçı olacağını vəd verib?

“Gürcüstan bütün bu hadisələrdən sonra Parisin arzularının çin olmasına yardımçı olacaqmı sualı hər kəsi düşündürür”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “Makron Avropa İttifaqına üzv ölkələrin lideri olacaq Fransanın prezidenti kimi öz mövqeyini ABŞ-ın yeni seçilmiş dövlət başçısına çatdırmaq, özünü təsdiq etmək üçün müxtəlif variantlardan istifadə edir. Avropa məkanındakı bütün proseslərdən yararlanmaq iddiasını ortaya qoyub. Afrikadan, Yaxın Şərqdən, dənizaşırı torpaqlardan qovulan Fransa Makronun ifasında yeni “ariya” ifa etməkdədir. ABŞ prezidenti Donald Tramp bunun fərqindədir. Onun kilsə açılışı bəhanəsi ilə Fransaya səfəri, burada Ukrayna və Gürcüstan prezidentləri ilə heç bir sənəd imzalanmadan keçirdiyi görüşlər bunu deməyə əsas verir ki, məqsəd Makrona yerini göstərmək olub. Tramp Avropaya iqtisadi müharibə elan edib, bu ölkələrə qarşı gömrük rüsumunun artırılması, malların idxalına əlavə vergilər tətbiq olunması, NATO-dan çıxma hədəsi də var ortada. Makronun Gürcüstanın iqtidar partiyasının rəhbərinə zəng etməsinin arxasında da Parisdə aparılan danışıqlar zamanı əldə edilən razılaşmanın dayanması ehtimalı böyükdür”.

Politoloq B.Quliyevin fikrincə, Gürcüstanla bağlı Fransa prezidentinin yeni və fərqli yanaşmasının olduğu görünür: “Avropa İttifaqı və Baydenin hələlik prezidentlik etdiyi ABŞ Gürcüstanın qanuni şəkildə seçilmiş hökumətinə qarşı əsl savaş aparır. Məqsəd seçkilərdəki qələbəni öz agentlərindən ibarət müxalifətin adına yazmaqdır. Bu səbəbdən ölkə daxilində qarşıdurmaları körükləyir, ölkəni xaosa sürükləyirlər. Əgər bu gün Qərb əlini Gürcüstandakı hadisələrdən çəksə, hər şeyi öz axarına buraxsa, seçicilərin qərarına hörmətlə yanaşsa həmin an küçələr səssizliyə qərq olar. İnsanlar etiraz aksiyalarından öz işlərinə dönərlər. Hər kəs Tbilisidə və Gürcüstanın digər şəhərlərində başlanan etiraz aksiyalarının arxasında kimin dayandığını çox yaxşı bilir. Hələ də Fransa vətəndaşı olan Gürcüstan prezidenti, özünü müxalifətin lideri sayan Salome Zurabişvilinin Parisə səfər etməsində məqsəd Makronun vasitəçiliyi ilə Trampla görüşmək, özünə dəstək qazanmaq idi. Amma görünür, nə Zelenski, nə də Zurabişvili Trampdan istədiklərini ala bilmədilər. ABŞ prezidentinin cavabından Makron da öz hesabını götürdü və tələsik Bdzina İvanişviliyə zəng edərək, Gürcüstanda baş verən hadisələri müzakirə etdi. Əslində Makron ən pis ssenariyə də hazırdır, təki Fransanın Cənubi Qafqaz siyasətinə ziyan dəyməsin. Burada Ermənistan məsələsi də var. Qarşıda Ermənistana Fransanın hərbi yardımları çatdırmaq problemi var. Tranzit ölkə olaraq Gürcüstandan istifadə etməyi düşünən Makron bu ölkənin hakim partiyasının rəhbəri ilə razılığa gəlmək niyyətindədir. Gürcüstanın isə bütün bu hadisələrdən sonra Parisin arzularının çin olmasına yardımçı olacaqmı sualı hər kəsi düşündürür”.

Vidadi ORDAHALLI





Избранный
32
1
baki-xeber.com

2Источники