RU

Deputat: Fransa etnik azlıqların tarixinin, kimliyinin və mədəniyyətinin məhvinə son qoymalıdır

Bakı, 14 dekabr, AZƏRTAC

BMT Baş Assambleyası 1960-cı il dekabrın 14-də müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə”ni qəbul edib. Bu səbəbdən 14 Dekabr dünyada Dekolonizasiya Günü kimi qeyd olunur. Bu bəyannamə müstəmləkəçilik dövrünün, dünya miqyasında müstəmləkəçiliyin sona çatdırılması prosesini sürətləndirmək və xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınması baxımından tarixi əhəmiyyət daşıyır. Hər bir xalqın öz siyasi statusunu sərbəst şəkildə seçmək, milli sərvətlərini idarə etmək və öz idarəçilik sistemini qurmaq hüququ bu universal sənəddə təsbit olunur. Bəyannamədə, həmçinin xalqların öz müqəddəratını təyin etmək hüququ tanınaraq müstəmləkə idarəçiliyinin ləğvi, müstəmləkəçiliyin beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyi bəyan olunur. Sülh və əməkdaşlıq, müstəqil ölkələrin bərabər hüquqlarla beynəlxalq birliyə qoşulması təşviq olunur. Bu günün qeyd olunması, hələ də müstəmləkə idarəçiliyi altında olan ərazilərə diqqəti çəkmək, müstəqillik uğrunda mübarizə aparan xalqları dəstəkləmək və dekolonizasiya prosesinin tam başa çatdırılmasını təmin etmək məqsədi daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, 1960-cı illərdə başlayan dekolonizasiya prosesi nəticəsində Asiya, Afrika və Karib hövzəsində onlarla xalq müstəqillik qazanıb. Bununla belə, bu gün də dünyanın müxtəlif bölgələrində əsarət olmayan ərazilər mövcuddur və o xalqların fundamental hüquqlarının təmin edilməsi beynəlxalq birliyin məsuliyyət zonasına düşür.

Deputat qeyd edib ki, dekolonizasiya bəyannaməsi 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Məsləhət Rəyində gücləndirilib. Afrika, Karib və Asiya-Sakit Okean regionu ölkələrində müstəqillik hərəkatlarını cəsarətləndirib. On yeddisi Afrikadan olmaqla 18 ölkə müstəqillik qazanıb. İyirmi səkkiz özünü idarə edən ərazinin əhalisi də müstəqillik əldə edənlər sırasına qoşulub. Lakin kolonial güclər beynəlxalq hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq təşkilatların qətnamələrinə hələ də əməl etmir. Hazırda kolonializmin ən ağır formaları Fransa əsarəti altında yaşayan xalqlara münasibətdə rast gəlinir. Fransa daha sərt siyasət apararaq Dənizaşırı ərazilərdə yaşayan xalqların azadlıqlarına hörmət etmir, diskriminasiya siyasəti yürüdür. XIX əsrdə Fransa Yeni Kaledoniya da daxil olmaqla, 13 xarici ərazini (France d'outre-mer) müstəmləkə etdi. 1960-cı illərdə müstəmləkəçilik sona çatsa da, bu bölgələr Fransa ərazisinin bir hissəsi olaraq qalmaqda davam edirlər. Fransa hökuməti hazırda Dənizaşırı ərazilərdə yerli xalqların assimilyasiyası və qeyri-qanuni miqrantların həmin ərazilərə köçürülməsi siyasəti aparır.

“Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və soyqırımılarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırladıb. Əlcəzair və digər Afrika azadlıq hərəkatının döyüşçülərinin kəllə sümükləri hələ də Paris muzeyində müharibə qəniməti kimi saxlanılır. Keçmiş müstəmləkələrində neo-kolonializm, hazırda əsarətində olan ərazilərdə isə kolonializm siyasəti yürüdən Fransa, insan hüquq və azadlıqlarının pozulması, irqçilik siyasətinə, etnik azlıqların tarixinin, kimliyinin və mədəniyyətinin məhvinə son qoymalıdır. Kolonializm güc sayıla bilməz”, - deyə P.Vəliyeva vurğulayıb.

Избранный
34
azertag.az

1Источники