RU

"Paşinyan ona görə SSRİ xəritələrinə istinad edir ki... "- İLGİNC ŞƏRH

 Ermənistanın baş naziri Nikol Paşinyanın sülh oyunbazlığı davam edir. O, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, bu yöndə əməli heç bir addım atmır və beynəlxalq birlikdə elə rəy yaratmağa çalışır ki, sülh sənədi ilə bağlı İrəvanlıq heç nə qalmayıb. Bu barədə o, dekabrın 12-də özünün Facebook səhifəsində yazıb.

Sitat: “Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina etməsi deməkdir”.
 Paşinyanın sözlərinə görə, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən əl çəkmək demək ola bilər: “Ona görə ki, biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir”.

Baş nazir əlavə edib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazilərimizi tanımırlarsa, o zaman başqalarına da onu tanımamaq imkanı verirlər.

"Ermənistanın baş naziri Nikol Paşinyan SSRİ xəritələrinə istinad edir, çünki bundan kənara çıxması Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası kimi qəbul edilə bilər".

Elxan

Bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Ermənistandakı radikal müxalifət hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib:

"Bu iddia Ermənistana bir dəfə baha başa gəldi: Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlasalar da, heç bir nəticə əldə edə bilmədilər. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, üstəlik Ermənistan böyük itkilərlə üzləşdi. Azərbaycan heç zaman işğalla barışmayacaq, tez ya gec torpaqlarını azad edəcəkdi və bunu reallaşdırdı. Ermənistan isə bu işğalın nəticəsində Azərbaycanla düşmənçilik qazandı. Hər iki tərəf böyük itkilər verdi: Azərbaycan torpaqlarını qorumaq uğrunda itkilər verdi və sonda qalib gəldi, Ermənistanın itkiləri isə boşa çıxdı. Ortada yalnız törətdikləri qətliamlar qaldı, və biz bunları heç zaman unutmayacağıq.

İkinci Qarabağ müharibəsi olmasaydı, Paşinyan hələ də “Qarabağ Ermənistandır” deyəcəkdi. Müharibə ona reallıqları anlatdı. Buna görə də Nikol Paşinyan son açıqlamaları ilə sanki demək istəyir ki, bu səhvlərdən nəticə çıxarıb, qonşu dövlətlərin ərazilərinə iddia etmək olmaz. Ancaq o bunu deyərkən Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər etməyə tələsmir. Məhz bu, vəziyyəti çətinləşdirir. SSRİ dövründə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əksini tapmamışdı. Əgər Paşinyan SSRİ xəritə və sərhədlərinə istinad edirsə, eyni zamanda ölkəsinin o dövrdəki Konstitusiyasına da istinad etməlidir. Lakin bu, hələ baş verməyib".

 

Xalidə Gəray
Musavat.com

Избранный
24
musavat.com

1Источники