RU

Cənubi Koreya parlamentində Prezidentin impiçmentinə qərar verilib

Pekin, 14 dekabr, AZƏRTAC

Cənubi Koreya parlamentində Prezident Yun Sok Yolun impiçmentinə dair qətnamə qəbul olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 14-də müxalifətin təklifi ilə məsələ parlamentin plenar iclasına təqdim edilib. İmpiçment 204 səs çoxluğu qəbul olunub. Səsvermə zamanı 85 deputat impiçmentin əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, 8 səs etibarsız sayılıb. Beləliklə, qısamüddətli hərbi vəziyyətdən sonra yaranmış siyasi xaos fonunda ikinci cəhddə prezidentin impiçmenti parlamentə qəbul olunub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi parlamentin qərarına baxaraq təsdiqləməlidir.

Plenar iclas gedən vaxt parlamentin binası önündə müxalifətin və ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmamışdı. Belə ki, qanunvericiliyə əsasən, impiçmentin baş tutması üçün 300 yerlik parlamentdə üçdə iki səs çoxluğu (200 səs) təmin olunmalıdır.

Hərbi vəziyyət rejimi ilə əlaqədar başlanmış təhqiqatın gedişində Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub. Prokurorluq hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu qiyam cəhdində şübhəli şəxs elan edib. Bundan başqa, hərbi vəziyyətlə əlaqədar məsuliyyəti öz üzərinə götürərək istefa verən müdafiə naziri Kim Yonq-Hyun, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Şik də saxlanılıb. Yüksək rütbəli bir neçə hərbçinin ölkədən çıxışına qadağa qoyulub, baş qərargah rəisi vəzifəsindən azad olunub. Dövlət başçısı hərbi vəziyyət böhranından sonra televiziya ilə iki dəfə xalqa müraciət edərək, öz qərarını müdafiə edib.

Hərbi vəziyyət elan olunandan bəri ölkənin müxtəlif yerlərində Prezident Yun Sok Yol əleyhinə etiraz aksiyaları keçirilir. Qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib. “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Sorğuda iştirak edənlərin 75 faizi Prezidentin impiçmentini dəstəklədiyini söyləyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
35
6
azertag.az

7Источники