RU

MİT şefinin Dəməşq səfərinin gizlinləri: Colani maşın sürdü, o isə...

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Dəməşqə səfərində Suriyanın yeni lideri Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət”də dərc olunan təhlilində jurnalist Ahmet Hakan bildirib.

Onun sözlərinə görə, MİT rəhbərinin Colani ilə görüşü bir sıra məsələlər baxımından önəmlidir:

“Tərəddüdə ehtiyac yoxdur: Colani maşın sürür, yanındakı isə İbrahim Kalındır. İki isim təkcə Əməvi məscidində namaz qılmayıb, bütün günü bir yerdə olub.

Dəməşqdə Əbdülhəmidin tikdirdiyi tarixi Həmidiyyə bazarı var, birlikdə ora baş çəkiblər.

Dəməşqdə İbrahim Kalına ictimaiyyət tərəfindən böyük maraq olub, təşəkkür ediblər, şəkil çəkdiriblər və sair. İbrahim Kalın vasitəsilə Prezident Ərdoğana təşəkkür mesajları və salam göndərənlər də olub.

İbrahim Kalın Colani ilə görüşündə aşağıdakı üç məsələni xüsusilə vurğuladı:

Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunması;

Terror təşkilatlarının meydandan təmizlənməsi;

Qayıdış üçün lazımi şəraitin təmin edilməsi”.

Suriyanın yeni hökumətinin hansı yolu izləyəcəyi məsələsinə gəlincə, Ahmet Hakan qeyd edib:

“Suriya üçün qurtuluş bəlkə də libertar dünyəvilikdədir. Türkiyə bu baxımdan Suriya üçün nümunə ölkə ola bilər”.

Jurnalistin fikrincə, Dəməşq görüşü bir sıra amilləri göstərmək baxımından əhəmiyyətlidir:

“Bu, sui-qəsd nəzəriyyələri və fərziyyələrə son qoymaq, Türkiyənin Colani üzərindəki təsirini və meydanda öz gücünü göstərmək, Ankaranın dünya və yerli ictimaiyyətinə verdiyi mesajlar baxımından vacibdir. Əməvi məscidi detalı nöqteyi-nəzərindən də simvolik məna daşıyır”.

Ahmet Hakan hesab edir ki, Suriyada yeni dönəmdə YPG/PYD terror təşkilatı bu ölkədə dövlət qura bilməyəcək, bu yöndə ona ABŞ-dan veriləcək dəstək dayandırılacaq.

Jurnalist Türkiyədəki suriyalı qaçqınların da ölkələrinə qayıtmağa başladıqlarını vurğulayıb.

Xatırladaq ki, İbrahim Kalının Suriya səfəri dekabrın 12-də baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
19
teleqraf.com

1Источники