RU

Rusiya Suriyadakı bu hərbi bazasını boşaldır - FOTO

Rusiya Suriyanın cənubundan hərbi bazalarını çıxarır.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hərbi vasitələrini Suriyanın cənubundan Latakiya sahilindəki Tartus hərbi bazasına doğru geri çəkir. 
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Rusiya qüvvələrinin Rakka çölündə yerləşən Ayn İsa və Tel əl-Samandakı bazalarını tərk etdiyini bildirib. Rusiya hərbi karvanları Dəməşq-Homs avtomobil yolunun şimala doğru gedən Şinşar kəndi yaxınlığında görünüb. Maşınlar arasında əvvəllər Suriyanın Dera və Dəməşq kimi cənub bölgələrində yerləşdirilən tanklar və zirehli hərbi personal daşıyıcıları olub. 


Bütün Rusiya donanmasının gəmiləri bu həftənin əvvəlində Suriyanın Tartus limanını tərk edib. Suriyanın mərkəzi və cənubundakı Rusiya qüvvələri Əsəd rejiminin süqutundan əvvəl Dəməşq yaxınlığındakı Qudsayada cəmləşmişdi. Daha sonra Rusiya qüvvələri Hmeymim hava bazasına və Tartus limanına çəkilib. 


ABŞ-də yerləşən Maxar Remote texnologiya şirkəti tərəfindən yayımlanan peyk görüntülərində Rusiya ordusunun Suriyadakı hərbi hava bazasında texnika topladığı görünür. Dünyanın ən böyük yük təyyarələrindən biri olan An-124 Suriyanın Latakiya sahilindəki Hmeymim aviabazasında görünüb. Bazada iki ədəd An-124 təyyarəsinə yük yığılması müşahidə edilib. Görüntülərdə həmçinin Ka-52 hücum helikopterinin sökülməsi və ola bilsin ki, daşınmağa hazırlaşması və Rusiya gəmilərinin Suriya sahillərində üzdüyü əks olunub. 


Qeyd edək ki, Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd ölkəni tərk etdikdən sonra Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi maraq doğurub. Rusiyanın Suriyanın cənubundan hərbi bazalarını çıxarması onun bazalarını saxlamaq üçün yeni hökumətlə danışıqlar aparıb-aparmayacağı ilə bağlı spekulyasiyalar var.


Vasif

 

 

Избранный
38
sfera.az

1Источники