RU

“Biz tərəfdən heç bir problem yox idi” - “Şəfa” elita hakimi istədi, Şamaxıdan üzgün qayıtdı

Ölkə çempionatının 2-ci liqasında 12-ci turun ilk oyunu keçirildi. Çempionluğa iddialı “Şahdağ Qusar” Şamaxıda “Şəfa”nı qəbul etdi. Hər kəs güzəştsiz mübarizə gözləyirdi, ancaq qusarlılar iddialı rəqibin qapısını “aşsüzənə döndərdi” - 7:1 hesabla darmadağın etdi. Belədə qusarlılar bakılılardan 5 xal uzaqlaşdı.

“Şəfa”nın baş məşqçisi Nadir Əliyev "Football-plus.az"a verdiyi müsahibədə oyunu premyer-liqa hakiminin idarə etməsini istəmişdi. Bəli, bakılıların darmadağını FİFA hakimi Əliyar Ağayev qeydə aldı.

“Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayev oyunla bağlı bu sözləri dedi:

“Çempionluq uğrunda mübarizə aparan iki komanda oynadı. Rəqib də, biz də bu oyuna ciddi hazırlaşmışdıq. Futbolçularım da yaxşı başa düşürdü ki, hansı oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşma idi. İlk hissədə 3, ikincidə 4 qol vurduq. Yekunda 7:1 hesablı qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Onlarla qürur duyuram. Verilən tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər. Amma bu qələbə bizi aldatmamalıdı. Yəni hələ çempionluq həll olunmayıb. Ağır oyunlarımız qarşıdadı. İkinci dövrədə daha çətin oyunlar olacaq. Bütün qarşılaşmalara final kimi baxırıq. "Şəfa"ya və digər rəqiblərimizə uğurlar arzulayıram. Əliyar Ağayev hörmət etdiyimiz hakimdi. Biz tərəfdən heç bir problem yox idi. Görünür, bu oyun diqqət mərkəzində olacaqdi deyə, Əliyar Ağayevi vermişdilər. Nəinki Əliyar Ağayevə, bütün hakimlərə böyük hörmətim var. Oynadığım vaxtlarda da, məşqçi kimi də. Ümid edirəm və inanıram ki, "Şahdağ Qusar" çempion olacaq”. 

“Şəfa”nın idman direktoru Elvin Ələsgərovun da fikirlərini öyrəndik:

“Qısaca deyim, həvəsdən düşmürük. Hakimliklə bağlı müraciətimiz olmuşdu. Sadəcə, bunun üzərində dayanmaq istəmirəm. Komandamızı gücləndirib yolumuza davam edəcəyik”.

RÖYANƏ OĞUZ
Избранный
21
football-plus.az

1Источники