RU

“Onlarla böyük döyüş olacaq” – “Turan Tovuz”ın qəhrəmanı mesaj verdi

“Turan Tovuz” “Şamaxı” matçının qəhrəmanı Roderik Miller oldu.

Panama millisinin də şərəfini qoruyan müdafiəçi dubl etməklə komandasına qələbə qazandırdı – 3:2.

Sportinfo.az-a müsahibə verən Miller sualları cavablandırıb.

- “Şamaxı” önündə bu qədər çətinlik çəkməyinizin səbəbi nə idi?

- Bunu sırf birinci hissəyə aid etmək olar. İlk 45 dəqiqədə rəqib həqiqətən yaxşı mübarizə aparmaqla bizə çətin anlar yaradırdı. İkinci yarıda nələrisə düzgün etməklə ümumi vəziyyəti əlimizə almağı bacardıq. Ardıcıl qol epizodları yaratsaq da, rəqib qapıçı möhtəşəm qurtarışlar etdi. Yekunda vacib qolla istəyimizə çatdıq.

- Qələbədə əsas rolu nə oynadı?

- Qələbə qazanmaq üçün hər kəsin səy göstərməsi lazım idi və biz bunu bilirdik. Döyüşkənlik, əzmkarlıq və istək sayəsində hədəfə çata bilərdik. Görüşün sonlarına qədər rəqibi qapısına sıxışdırıb, qol vurduq.

- Vurduğun iki önəmli qola görə özünü oyunun qəhrəmanı hesab edirsən?

- Xeyr, qətiyyən! Çünki topu götürüb 11 nəfəri keçərək qol vurmamışam. Qollarda hamının rolu oldu. Ona görə də hamımız qəhrəmanıq.Özümü qəhrəman yox, xoşbəxt adlandıra bilərəm.

- Növbəti rəqibiniz son 3 oyunda qələbə qazanan, rəqib qapılarından 11 top keçirən “Zirə”dir. Üstəlik, səfərdə oynayacaqsınız.

- “Zirə” ilə böyük döyüş olacaq. Bu oyunu məhz döyüş adlandırıram. Bircə onu deyə bilərəm ki, oyun saatına qədər meydana çıxmaq üçün tam hazır olacağıq. Nələrin yaşanacağı meydanda görünəcək.

HƏBİB

Избранный
47
sportinfo.az

1Источники