RU

2025-ci ildə Cənubi Qafqazı nə gözləyir? – Sergey Markovdan PROQNOZ

“Gələn il Cənubi Qafqazda və ümumilikdə dünyada geosiyasi vəziyyət daha çox Rusiya ilə ABŞ arasındakı münasibətlərdən, yeni seçilmiş prezident Donald Trampın beynəlxalq vəziyyətlə bağlı seçdiyi mövqedən asılı olacaq. Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bu bölgəyə fəal təsir göstərməyəcək. Bu da region üçün yaxşıdır. Nəzərə alaq ki, ABŞ Aİ ilə birlikdə Bayden dövründə bölgədə Rusiyaya qarşı Ermənistanı dəstəkləmək üçün çox işlər görüb. Trampın dönəmində bu işlər və gərginlik səngiyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku.ru” saytına açıqlamasında deyib.

O hesab edir ki, Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq:

“Əgər o, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, o zaman Moskva Cənubi Qafqazda daha fəal olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək. Çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir.

Bununla paralel Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək.

Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Makronun Cənubi Qafqazdakı fəaliyyətinin azalmasına səbəb ola bilər. ABŞ-ın regiona diqqətinin azalması fonunda Paris bütün Qərb ölkələrinin regionda öz maraqlarının təşviqində lokomotivi olacaq. Nəticədə, silah tədarükü davam edəcək.

Makron elə göstərəcək ki, Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün hər şeyi edir. Bütün bunları təbii ki, region üçün çağırış adlandırmaq olar. Əbəs yerə deyil ki, Bakı mütəmadi olaraq Parisə və bütövlükdə Qərb ölkələrinə Ermənistanın hərbiləşdirilməsinə son qoymaları barədə xəbərdarlıq edir. Təbii ki, Azərbaycan bunu düşünülmüş təxribat kimi dəyərləndirir. Axı, Ermənistan işğalçı dövlətdir. Bu o deməkdir ki, Ermənistanın bir dəfə etdiyinə bir daha cəhd etməyəcəyinə zəmanət yoxdur”.

Sergey Markov əlavə edib ki, bölgədəki vəziyyətə ABŞ-Türkiyə, Tramp və Ərdoğan arasındakı münasibətlərin də təsir edə biləcəyini başa düşmək vacibdir:

“Tramp və Ərdoğan qəti siyasətçilərdir. Onlar bir-birlərinə hörmət edirlər. Amma son nəticədə ABŞ-Türkiyə münasibətləri ya dostluq, ya da çəkişmələr və qarşıdurmalar şəklini alacaq. Ancaq həm Tramp, həm də Ərdoğan suverenliyi müdafiə etdiyinə və hər ikisi avro-bürokratiyanı tənqid etdiyinə görə, yəqin ki, iki lider arasında anlaşılmazlıqdan daha çox anlaşma üçün əsas var.

Üstəlik, buna Yaxın Şərqdəki vəziyyət də əlavə olunur. Tramp, şübhəsiz ki, İsrailin İrana qarşı sərt addımlarını dəstəkləyəcək. Bu, İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatına səbəb ola bilər. Bu, Cənubi Qafqaz üçün də ciddi çağırışdır”.

Bəs Tramp dövründə ABŞ-ın Ermənistana dəstəyi əhəmiyyətli dərəcədə azalsa, Nikol Paşinyan nə edəcək?

“Paşinyan Qərbdə dəstək qazanmaq cəhdlərində məyus ola bilər və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşə bilər. Beləliklə, növbəti il, proqnozlara görə, qlobal və regional münaqişələrdə sülhün bərqərar olması baxımından müsbət, imkanlar ili ola bilər. Burada bir çox amillər rol oynayacaq. Ancaq müsbət proqnozlar daha çoxdur. Xüsusilə də geosiyasi vəziyyət Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərtləri təmin edir.

Unutmaq olmaz ki, Azərbaycan prezidenti ABŞ-ın daxili işlərinə qarışmadan yumşaq bir şəkildə Amerika seçkiləri öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirdi. Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir”.

Избранный
46
2
turkustan.az

10Источники