RU

Pedaqoji Universitetdə II Təhsil Menecerləri Forumu keçirilib - FOTOLAR

Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ev sahibliyi ilə II Təhsil Menecerləri Forumu (TMF) keçirilib. SİA xəbər verir ki, 400-dən çox iştirakçının qatıldığı forumda təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov vurğulayıb ki, bu gün təkcə təhsildəki dəyişiklikləri əks etdirmək üçün deyil, həm də gələcək nəsilləri qlobal vətəndaşlıq və milli inkişaf üçün zəruri olan bacarıq və dəyərlərlə təchiz etmək üçün innovativ yolları araşdırmaq məqsədi ilə toplaşılıb. Bizim qarşımızda tənqidi təfəkkür, innovasiya və ömür boyu öyrənməni təşviq edən sistem qurmaq dayanır. Bu sistem həm qlobal tendensiyalara, həm də xalqlarımızın mədəni mahiyyətinə uyğun olmalıdır.

Rektor qeyd edib ki, ənənə ilə innovasiyaları birləşdirərək fəaliyyətini davam etdirən Pedaqoji Universitet müasir təhsilin tələblərinə cavab vermək üçün transformativ proqramlar tətbiq edir. Belə təşəbbüslərdən biri də ikili diplom proqramıdır ki, bu da tələbələrə milli dəyərlərə bağlı qalmaqla yanaşı, beynəlxalq təcrübə əldə etmək üçün imkan yaradır.

Cəfər Cəfərov sonda hər kəsi inklüziv, gələcəyə hesablanmış və cəmiyyətin ehtiyaclarına dərindən bağlı olan təhsil sistemini inkişaf etdirmək öhdəliyi üzərində düşünməyə, təhsilin dəyişikliklərə rəhbərlik etdiyi sistem qurmaq yolunda aktiv çalışmağa çağırıb.

Hədəf Şirkətlər Qrupunun baş direktoru, TMF-nin layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov və Dövlət Gömrük Akademiyasının (DGA) rəisi Qulu Novruzov forumun məqsədindən, təhsil sahəsinin qarşısında duran çağırışlar və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyindən söz açıblar.

Tədbirə qatılan xarici və yerli natiqlər, o cümlədən Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor İrfan Ərdoğan, “Educo Group”un direktoru Ərcümənd Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları panel müzakirələrində iştirak ediblər.

Forumda “Təcrübədə innovativ idarəetmə”, “Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər” və “Məktəb idarəetməsində keyfiyyət təminatı” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyələr verilib.

İrfan Ərdoğanın “Təhsildə islahatlar”, Ercümənd Özayanın “Rəqəmsal əsrdə innovativ öyrənmə metodları”, Ulaş Nəzir və Mərd Doğanın “Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt” mövzusunda çıxışları böyük maraqla qarşılanıb.

Təhsil menecmenti sahəsində təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və növbəti layihələr üçün zəmin yaradılması forumun əsas nailiyyətləri kimi yadda qalıb.

Forumun media dəstəkçiləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) və “Səs” İnformasiya Agentliyidir. Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Dövlət Universiteti, tərəfdaşları MÜSİAD Azərbaycan, “ELTA”, “XAN” nəşriyyatı, informasiya tərəfdaşları “Ustad” ədəbiyyat və sənət dərgisi, “azedu.az” və “sənət.az” saytları, sponsorları “iTech”, “alba” və “SİNKOD” şirkətləridir.

Избранный
34
4
sia.az

5Источники