RU

Türkiyə ilə anlaşdılar - Moskva etiraz eləmədi, Xameneyi sət təpki verdi

Dekabrın 12-də Türkiyə və Qətərin kəşfiyyat rəhbərləri İbrahim Kalın və Xəlfan əl-Kəəbinin Dəməşqə səfər etməsi, orada keçirdikləri görüşlər kifayət qədər ciddi mesajlarla yadda qaldı. Yaxın Şərqdə ciddi əhəmiyyət və təsir gücünə malik hər iki ölkənin kəşfiyyat xidmətlərinin rəhbərlərini "Heyət Təhrir əş-Şam"ın lideri Məhəmməd əl-Colani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirib.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək, orada namaz qılıb:

"Bu səfərin fonunda ABŞ dövlət katibi Entoni Blinken Ankaraya səfər edərək, Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşdü. Yəni Suriyanın yenidən şəkilləndirilməsi prosesinə, post-Əsəd dövrünə hazırlığa start verildi. Suriyanın həm siyasi-iqtisadi cəhətdən yenidən inşası prosesində isə Qətər və Türkiyə ön plandadır. Ankaranın təhlükəsizlik prioritetləri, Qətərin iqtisadi dəstəyi ilə yeni Suriya hökuməti regional inteqrasiyada mühüm irəliləyişlər əldə edə bilər. Bununla belə, keçmişdəki qarşıdurmalar və etimadsızlıq bu prosesin qarşısında duran əsas maneələrdir. Realist və praqmatik yanaşma bu problemlərin aradan qaldırılmasında əsas olacaq.

Suriyada on ildən çox davam edən vətəndaş müharibəsi ölkəni yalnız fiziki və iqtisadi deyil, həm də regional siyasət baxımdan dərin böhran vəziyyətinə gətirib. Post-Əsəd dövründə Suriyanın bərpası və reinteqrasiyası yalnız daxili siyasi dəyişikliklərlə deyil, həm də regional güclərin, xüsusilə Qətər və Türkiyənin əməkdaşlığı ilə sıx bağlı olacaq. Bu iki ölkənin Suriyanın gələcəyinə təsiri, həm müharibə dövründəki mövqeləri, həm də onların regional siyasətləri və iqtisadi maraqları ilə müəyyən olunur.

Həm Türkiyə, həm də Qətər Suriyanın siyasi sabitliyinin təmin edilməsi və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Post-Əsəd dövründə hər iki ölkə daxili münaqişələrin sona çatması və dövlətin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir, əsla Suriyanın parçalanmasında maraqlı deyillər. Bu, regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq. Həm Türkiyə, həm də Qətər İslam dünyasında daha geniş əməkdaşlıq və dialoq təşəbbüslərinə önəm verir".

Vüqar Zifəroğlu qeyd edib ki, post-Əsəd dövründə Suriyanın ərəb və müsəlman dünyasına yenidən inteqrasiyasında bu ölkələr strateji əhəmiyyətə malikdir:

"Qətər Suriyanın Ərəb Liqasına qayıdışını dəstəkləyə və ərəb ölkələri ilə əlaqələrin bərpasında vasitəçilik rolunu oynaya bilər. Türkiyə isə hələ də Suriyanın şimalında mümkün PKK/YPG terroruna qarşı mübarizədə yeni hökumətə dəstək verəcək, həmçinin daha çox təhlükəsizlik və sərhəd məsələlərinə fokuslanaraq, yeni hökumətlə əməkdaşlıq edəcək.

Digər məsələ geoiqtisadi məqamlarla bağlıdır. Qətər zəngin təbii qaz ehtiyatları sayəsində geniş maliyyə resurslarına malikdir. Suriyanın infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi üçün Qətərin rolu əvəzsiz ola bilər. Türkiyə isə Suriyaya ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər. Xüsusilə Türkiyə ilə Suriya arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq. Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə çatmalı olan, ümumi uzunluğu 1500 kilometr olacaq Avropaya qaz kəmərinin çəkilməsi üçün artıq ciddi maneə yoxdur. Bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hələ 2009-cu ildə Bəşər Əsədə Suriyadan keçəcək qaz kəməri layihəsi təklif olunmuşdu, amma rejimlə müttəfiq münasibətlərdə olan Rusiya və İran faktoru bu planın həyata keçməsinə mane oldu.

Şübhəsiz, önəmli və kritik əhəmiyyətə malik bu diplomatik trafik müəyyən danışıqların getməsindən, hətta mümkündür ki, bəzi razılaşmaların əldə edilməsindən xəbər verir.

Diqqət edin: proseslər fonunda Rusiyanın Suriyada baş verənlərə daha loyal və yumuşaq yanaşması rəsmi Moskvanın nəzarətində olan media orqanları vasitəsilə ifadə olunmağa başlayıb. Əksinə, buna paralel olaraq, İranın ali dini rəhbəri Ayətullah Xameneyinin ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını, hətta onu devirmək səylərini dəstəkləyəcəyini açıqladı. Yəni ortada mümkün razılaşmadan bu və ya başqa dərəcədə razı və narazı olanlar da var".


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
26
teleqraf.com

1Источники