RU

İki rus tankeri toqquşdu ölənlər var: Qara dənizdə ekoloji fəlakət

Dekabrın 15-də Kerç boğazında, Rusiya və ilhaq olunmuş Krım arasında, “Volgoneft 212” və “Volgoneft 239” adlı iki neft tankeri qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hər iki gəmidə müvafiq olaraq 13 və 14 heyət üzvü olub. İlkin məlumatlara görə, ən azı bir nəfər həlak olub.

Rusiya rəsmilərinin yaydığı görüntülərdə, güclü fırtına zamanı “Volgoneft 212” tankerinin iki hissəyə bölünərək dayazlığa oturduğu görünür. Dənizdə neft ləkələri müşahidə edilsə də, dəqiq olaraq nə qədər neft məhsulunun suya sızdığı məlum deyil. Hər bir tankerin təxminən 4 min ton neft məhsulu daşıdığı bildirilir.

“Volgoneft 212” tankerinin göyərtəsindəki 13 heyət üzvündən biri həlak olub, digərləri isə təxliyə edilib. Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Aleksey Kuznetsovun sözlərinə görə, 11 dənizçi Anapa şəhər xəstəxanasına yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

“Volgoneft 239” tankeri isə zədələnərək Krasnodar diyarının Taman limanı yaxınlığında, sahildən 80 metr məsafədə dayazlığa oturub. Bu gəminin göyərtəsindəki 14 heyət üzvü ilə əlaqə saxlanılır, lakin hava şəraiti səbəbindən onların təxliyəsi təxirə salınıb.

Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi (Rosmorreçflot) hadisə nəticəsində neft məhsullarının sızdığını təsdiqləyib. Greenpeace təşkilatının ekoloqları xəbərdarlıq edirlər ki, əgər hər iki tankerdən ümumilikdə 8 min ton neft məhsulu dənizə sızarsa, bu, Qara dəniz akvatoriyasında ən böyük texnogen fəlakətlərdən biri ola bilər.

Greenpeace nümayəndəsi Pol Conson bildirib ki, hazırkı hava şəraitində neft sızmasının qarşısını almaq çox çətin olacaq və bu, ciddi ekoloji nəticələrə səbəb ola bilər. O, Rusiya hakimiyyətini ətraf mühitə təsirin azaldılması üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Qeyd edək ki, 2007-ci ilin noyabrında eyni ərazidə “Volgoneft” sinfinə aid başqa bir tanker qəzaya uğramış və nəticədə hər iki sahildə onlarla kilometr sahil xətti çirklənmişdi.

Mənbə BBC

https://bbc.in/3DgLkJ7 

Musavat.com

Избранный
40
2
musavat.com

3Источники