RU

Əməkhaqqından tutulmalar: Hansı hallarda qanuniləşir?

Fins.az mövzu barədə İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifovanın açıqlamalarını təqdim edir:
 

Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilmiş hallar istisna olunmaqla, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından bu ödənişlər tutulmalıdır:

1. Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

2. Qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə müəyyən edilmiş məbləğ (buraya aliment, məhkəmə qərarına əsasən kredit və şəxsə olan borcun ödənilməsi daxildir);

3. İşəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna edilməklə) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

4. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu (işəgötürən işçinin son haqq-hesabından tutmaq hüququna malikdir);

Misal 1: İşçi işdən çıxdığı gün iş ilinə görə həmin dövr üçün 20 gün məzuniyyət hüququ yaranır. Həmin dövrdə 25 gün məzuniyyətdən istifadə edən işçi işdən çıxdığı gün onun artıq qalan 5 gün məzuniyyət məbləği son haqq-hesabdan tutula bilər.

5. Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

6. Mühasibat tərəfindən səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər (Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə əsasən, mühasibatlıq pulu düzgün vermədiyi halda, 1 ay müddətində məbləğin tutulması əməliyyatını apara bilər);

Misal 2: İşəgötürən işçiyə avqust ayında 300 manat səhv ödəniş edib. Bu halda, işəgötürən həmin məbləği noyabr ayında ödənişdən 1 ay keçdiyi üçün tələb edə bilməz.

7. Həmkarlar İttifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar təşkilatının xüsusi hesabına köçürülən üzvlük haqları.
Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Məcəllənin 176-cı maddəsində göstərilib ki, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Ancaq burada bəzi istisnalar da var. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itirilməsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 70%-dən çox ola bilməz.

Избранный
18
2
fins.az

3Источники