Xəbər veridimiz kimi, bu gündən etibarən ölkədə “Media Savadlılığı” Həftəsinə start verilib.
Media Savadlılığı nə deməkdir? Media Savadlılığı üçün nə etməliyik? Axı bu Media Savadlılığı nə deməkdir?
“Media Savadlılığı” ilə bağlı Adalet.az-ın suallarını tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli cavablandırır. Media eksperti bildirir ki, bu gün, əlbəttə ki, Media Savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir:”Biz savadlılıq deyəndə, adətən insanlar oxumaq, yazmaq qabliyyətini öyrənmək, məsələn tarix, fizika , riyaziyyat, informatika və sairi nəzərdə tutur. Bu istiqamət olaraq doğrudur. Amma media savadlılığı deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur.Yəni, insanların bəlli bir səviyyəsi olmalıdır ki, o, mediada yayılan məlumatları qiymətləndirə bilsin: Məlumat doğrudur, yalandır, nə məqsədlə yayılır, bunun mənbəyi necədir, nə dərəcədə mötəbərdir və sair.Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir”
Professor qeyd edir ki, media savadlılığı həmdə sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir:” Yəni, bunun üçün bizim media savadlılığını dərinləşdirməyə ona görə ehtiyacımız var ki, biz fərdi məlumatlarla sosial mediada yayılan məlumatları fərqləndirə bilək. Bir var, siz kiməsə mesaj yazırsınız, onu bir nəfər oxuyur, bir də var ki, sosial şəbəkədə status yazırsınız, onu 5 min, və yaxud 10 min nəfər görür, oxuyur. Ona görə də bunların arasındakı fərqi bilmək, informsiyanın ictimai arenaya çıxışının məsuliyyətini anlamaq, onunla necə davranmaq, necə yazmaq, necə ötürmək vəs. Bunlar hamısı media savadlılığının tərkib hissəsidir”.
Qulu müəllim “Media Savadlılığı”nın Avropada və Türkiyədə artıq 10 ildir var olduğunu bildirir:” 10 ildir Avropada və qardaş Türkiyədə orta məktəblərdə dərs kimi keçirilir. İnsanlar mətbuatda yayılan informasiyaları dəqiq qiymətləndirə bilsinlər, özlərinin dünya görüşlərini formalaşdıra bilsinlər deyə media savadlılığı tətbiq edilir. Çünki bu mümkünsüz bir işdir ki, biz media ilə bağlı hər hansı davranışı qiymətləndirə bilməyək. İndi bu gün qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunub. Bununla bağlı yazılar yazılır, treninqlər keçirilir və KİV-in özündə media savadlılığı məsələsi ayrıca qoyulur. Bura medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçısının ayrı bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq və s. bunlar çox vacibdir. Ona görə bizdə də bununla bağlı artıq həm araşdırma işləri aparılır, həm elmi məqalələr yazılır. Hətta bununla bağlı dissertasiya da yazılır. Ona görə, indiki həyatımızda bu məsələdən bəhs etmək çox önəmlidir”.
Tanınmış jurnalist media savadlılığını 2 aspektindən yanaşmaq lazım oldunu da önə sürür: ““Media Savadlılığı” ilə bağlı 2 aspektdən danışmaq olar. Onun birincisi , ümumiyyətlə, xəbər istelakçısı, bizim məlumatı yönləndirdiyimiz auditoriyaya verdiyi məlumatı dəyərləndirə bilməlidir.Bununla bağlı danışdıq.
İkincisi isə medianın özündə- KİV-də media savadlılığının tətbiqidir. İkinci jurnalistlərin - medianın özündə savadlılıq isə bu artıq, əlbəttəki, peşə məsələləri ilə birbaşa bağlıdır: “Biz xəbəri necə yazmalıyıq, xəbərin suallarına dəqiq necə əməl etməliyik, araşdırma aparırıqsa, mənbələrlə necə işləməliyik?Bunlar önəmlidir. Xüsusən, konfliktli məsələrdən yazırıqsa, tərəflərin hamısının mövqeyini verməliyik. Bunlar bir başa media peşəkarlığı, jurnalist peşəkarlığı ilə bağlı olan məsələlərdir ki, biz burda həm tələb olunan peşəkarlıq standarlarını gözləməliyik, həm etik qaydaları gözləməliyik, həm hüquqi aspektləri dəqiq öyrənməliyik . Məhz bu nüansların köməkliyi ilə məlumatlarımıza müəlyyən bir keyfiyyət aşılamalıyıq. Media savadlılığı bu baxımdan bu sadaladıqlarımızı özündə ehtiva edir.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.
Əntiqə Rəşid