RU

Ceyhun Bayramov Vatikan rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-1

17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfər və təmasların dinamikasında müşahidə olunan artıımın məmnunluq doğurduğu, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında siyasi, mədəni, humanitar sahələrdə mövcud əməkdaşlığa ciddi töhfə verdiyi qeyd olunub. Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin üçün əhəmiyyəti məmnunluqla qeyd edilib. Roma Papası II İohan Pavelin 2002-vi ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfəri xatırlanıb, qarşılıqlı səfərlərin davamlı olacağıda inam ifadə olunub.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində, o cümlədən Müqəddəs Taxt-Tac ərazisində yerləşən beynəlxalq əhəmiyyətli mədəni abidələrin restavrasiyasında fəal iştirakının təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Görülən tədbirlərin ölkəmizin multikulturalizmin təşviqi sahəsində mövcud təcrübə və fəaliyyətinin davamı olduğu bildirilib, bu istiqamətdə, həmçinin Müqəddəs Taxt-Tacla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuz qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi cari ildə ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə ətraflı məlumatlandıraraq, Azərbaycanın sədrliyi ilə uğurla həyata keçirilən COP29 çərçivəsində bir sıra vacib tədbir və təşəbbüslər ilə yanaşı, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin təşkil edildiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyətindən, delimitasiya komissiyaları tərəfindən aparılan iş barədə ətraflı bəhs edilib. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi qeyd olunub.

Arxiyepiskop Pol Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdıraraq, kilsənin tikintisində yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:51

Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə geniştərkibli görüş keçirib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüşdə Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

"Mən həmkarımı davamlı sülh prosesi üçün mövcud çağırışlar, o cümlədən münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım", - nazir "X" paylaşımında qeyd edib.

***

13:24

Xarici işlər naziri Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə təkbətək görüşü başlayıb.


APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

***

13:20

Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qarşılayıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Ceyhun Ceyhun Ceyhun Ceyhun Ceyhun
Избранный
29
10
apa.az

10Источники