RU

“Ədəbiyyat səyyahları” (klv.az) saytının keçirdiyi respublika müsabiqəsinə yekun vuruldu (FOTO)

Dekabrın 16-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin "Ədəbiyyat səyyahları” (klv.az) saytının fəlsəfi - irfani mövzuda hekayə və esse üzrə elan etdiyi respublika müsabiqəsinə yekun vurulub. Qaliblərinin mükafatlandırma mərasiminə Universitetin müəllim - tələbə heyəti, müsabiqəyə sponsorluq edən NAB Holdinqin və Mövlanə Ədəbi - Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) əməkdaşları, habelə Füzuli poeziyasının pərəstişkarları  qatılıb.


Xəzər Universitetinin Mərmər Salonunda keçirilən tədbirdə Humanitar, Təhsil və Sosial elmlər, Təbiət elmləri və Mühəndislik  fakültələrinin 100-ə yaxın tələbəsinin böyük şairin "Can vermə ğəmu-eşqə ki, eşq afəti candır” misrası ilə başlayan qəzəlini xorla "Şur” muğamı üstə oxumaları Füzuli poeziyasına sonsuz sevginin ifadəsi olub.


Bədii hissə Xəzər Universitetinin orkestri və tələbələrdən ibarət xor kollektivinin çıxışı ilə başlayıb. Onların ifasında C.Cahangirovun  "Füzuli” kantatası, "Leyli-Məcnun” operasından parçalar, o cümlədən "Arazbarı”, həmçinin universitetin tələbəsi Elvin Əliyevin ifasında M.Füzulinin  sözlərinə yazılmış "Vətənimdir” romansı alqışlarla qarşılanıb.


Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin III kurs tələbəsi Minəxanım Qasımova Füzulinin  "Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor”, Təbiət elmləri və Mühəndislik  fakültəsinin I kurs tələbəsi Aytac Miriyeva "Ey mələksima ki, səndən özgə heyrandır sana” qəzəlini özünəməxsus tərzdə səsləndiriblər.


Tədbirdə çıxış edən Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, "Ədəbiyyat səyyahları” saytının təsisçisi Hamlet İsaxanlı Füzulinin Azərbaycan və dünya ədəbiyyatındakı rolundan danışaraq, onun poetik dünyasının dərin fəlsəfi və irfani anlamlarla zəngin olduğunu bildirib. Qeyd edib ki, Füzuli yaradıcılığı yalnız ədəbi mətnlər deyil, həm də insanın varlığı, eşq və mənəvi axtarışları haqqında dərin fəlsəfi suallara cavab axtarışı kimi dəyərləndirilməlidir.


Dillər və Ədəbiyyat Departamentinin müəllimi, "Ədəbiyyat səyyahları” saytının baş redaktoru Qardaşxan Əzizxanlı Füzuli irsində eşq və kamillik axtarışı mövzusuna toxunub. O, Füzulinin "Leyli və Məcnun” əsərindəki irfani eşq anlayışının İslam fəlsəfəsindəki kamillik konsepsiyası ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Füzulinin eşqi yalnız romantik sevgi deyil, ilahi həqiqətə çatmaq yolunda mənəvi yüksəlişi ifadə edir.


Tədbir iştirakçılarına NAB Holdinqin prezidenti Şahram Mohaqqeq Orominin salamını çatdıran holdinqin nümayəndəsi filologiya üzrə fəlsəfə doktoru Rüstəm Lazımov çıxış edərək, Füzulinin irfan dünyagörüşünün İbn Ərəbi, Şəhabəddin Sührəvərdi və digər Şərq mütəfəkkirləri ilə ideya yaxınlıqlarına diqqət çəkib. O, qeyd edib ki, Füzulinin yaradıcılığı Şərq irfan ənənəsinin Azərbaycan ədəbiyyatındakı ən parlaq təzahürlərindən biridir.


Sonra hekayə və esse üzrə respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Esse üzrə Əli Ağazadə, Fatmaxanım Heydərli və Təhminə Verdiyeva, hekayə üzrə Nurlana İşıq (Məmmədova), Səma Quliyeva, Gülnaz Allahverdiyeva qalib elan olunublar.  Xəzər Universitetinin rektoru professor İradə Xəlilova, Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova, Mövlanə Ədəbi – Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) direktoru filologiya elmləri doktoru Nəzakət Məmmədli, "Ədəbiyyat səyyahları” saytının məsul redaktoru dosent Ülvi Babasoy qaliblərə pul mükafatları və  diplomlar təqdim ediblər.


Tədbirdə Memarlıq və dizayn departamentinin tələbələrinin əl işlərindən ibarət "Füzuli-530” adlı sərgi nümayiş etdirilib.



Избранный
44
qaynarinfo.az

1Источники