AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
17 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
17 dekabr Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il 17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
17 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub
“Şahdəniz-2” layihəsi Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradır.
17 dekabr 1905-ci ildə Azərbaycanda gündəlik ictimai-siyasi “İrşad” qəzetinin ilk sayı çapdan çıxıb:
Bu qəzet 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan türkcəsində nəşr olunub. Baş redaktoru Əhməd bəy Ağayev olan “İrşad” qəzetində İslam tarixi, mədəniyyəti, adət-ənənələrinə aid materiallarla yanaşı elm, maarif, ədəbiyyat və incəsənətə dair məqalələr də yayınlanırdı. Dövrün Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Hadi kimi ziyalıları “İrşad”la əməkdaşlıq edib.
17 dekabr 1903-cü ildə Rayt qardaşları tərəfindən ilk motorlu təyyarə ABŞ-ın Şimali Karolina ştatında havada uçdu:
12 saniyə davam edən uçuşda 37 metr məsafə qət edildi. Eyni gün keçirilən son sınaqda 59 saniyə havada qalan təyyarə 280 metr uçdu.
17 dekabr 1924-cü ildə Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov Şəkidə doğulub:
Onun mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.