RU

“Rezidenturanı keçməyənlər də plastik cərrah ola bilər” - Video

Bir müddətdir ki, bəzi plastik cərrahların saxta yollarla fəaliyyət göstərməsi ilə bağlı məlumatlar geniş müzakirə mövzusuna çevrilib. Dövlət qurumları məsələ ilə bağlı müvafiq araşdırmaların həyata keçirildiyini və həmin şəxslərdən bəzilərinin əmək müqavilələrinə artıq xitam verildiyini açıqlayıblar.

Sözügedən məsələ ilə bağlı tibb hüququ üzrə ixtisaslaşmış “Medleks” Vəkil Bürosunun direktoru, vəkil Elxan Əzizov “Qafqazinfo”ya açıqlama verərək məsələnin hüquqi tərəflərinə toxunub: “Son dövrlər mətbuatda, kütləvi informasiya vasitələrində həkimlərlə bağlı xoşagəlməz məlumatlar intensiv formada yayılır. Bizim büroya da bir neçə həkim hüquqlarının pozulması, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı hüquqi dəstək almaq üçün müraciət edib. Belə ki, özəl klinikada işləyən 3 həkim müraciət etmişdi və onların da adları saxta sənədlərlə fəaliyyət göstərməkdə hallandırılmışdı. Təbii ki, ilk olaraq mən onlardan yoxlamaq üçün sənədlərini istədim. Gördüm ki, onların aldıqları həm təhsil, həm ixtisas dövrünə uyğun olaraq tam qanunauyğundur. Sertifikasiyadan da keçiblər, bir neçə illik təcrübələri də var. Fəaliyyətlərində də ciddi bir pozuntu aşkarlanmayıb”. 

E. Əzizov deyir ki, bununla bağlı vətəndaşları da dəqiq məlumatlandırmaq lazımdır: “Çünki mediada bu haqda məlumatların paylaşılması təbii haldır, lakin yayılan xəbərlərin nə qədər düzgün və dolğun olması, özündə həqiqəti əks etdirməsi bir o qədər vacib məqamdır. Sosial şəbəkə vasitələrində yayılan məlumatları biz də izləyirik. Saxta diplom və  sertifikatların verilməsi ilə bağlı məlumatlar, hətta həkimlərin karikaturaları da yayılır. Bu həqiqətən vətəndaş olaraq məni də narahat edir. Yayılan bu məlumatlar nəticə etibarilə insanlarda həkimlərə qarşı inamsızlıq yarada bilər. Buna görə də belə məlumatları yayan şəxslər daha diqqətli olmalı, əvvəlcə dolğun məlumat əldə edib sonra bölüşməlidirlər”.

Vəkil ilk olaraq ixtisas alınmasının hüquqi prosedurlarına toxunub: “Ümumiyyətlə, tibb sahəsində birinci növbədə nəzərə almaq lazımdı ki, həkimlər 6 illik təhsil alırlar. Buna baza ali tibb təhsili deyilir. Bu təhsildən sonra onlar tibbi yardım göstərmə hüququ əldə edirlər. Əgər bir şəxs ali tibb təhsilinə malikdirsə, artıq burada hər hansı saxta həkimliklə bağlı məlumatı yaymaq düzgün deyil. Bununla ittiham olunan şəxs də məhkəməyə müraciət edə bilər. 

Baza ali tibb təhsili ilə yanaşı Rezidentura təhsili də mövcud qanunvericilikdə nəzərdə tutulmuşdur. Hansı ki, bu təhsili almaqla müvafiq işlə, məsələn, plastik cərrahiyə ilə məşğul ola bilərsən.

Bəs rezidentura olmayana qədər təhsil alan həkimlər qanunsuz işləyiblər? Təbii ki, yox. Müxtəlif vaxtlarda müxtəlif ixtisasların alınması yolları fərqli olub. 

Azərbaycan Respublikasının həm Konstitusiyasında, həm də “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununda öz əksini tapmış normalar var ki, qanunvericiliyə edilmiş istənilən dəyişiklik şəxslərin hüquqi vəziyyətini ağırlaşdırırsa və yaxud hüquqlarını hər hansı formada məhdudlaşdırırsa onun qüvvəsi geriyə şamil olunmur. Yalnız o halda şamil oluna bilər ki, şəxslərin hüququ statusunu yaxşılaşdırır, onu hər hansı məsuliyyətdən azad edir. Bu o deməkdir ki, ondan qabaqkı dövrdə qanuni qaydada, yəni həmin dövrün tələblərinə , standartlarına uyğun olaraq ixtisas alıbsa elə həmin ixtisasla da fəaliyyətini davam etdirməlidir. Dövrü olaraq “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu necə tələb edirsə, o qaydada, yəni 5 ildən bir sertifikasiyadan keçməlidir. 

Əgər ehtiyac olarsa, həkimlər müvafiq qaydada əlavə kurslar, ixtisasartırma təlimlərinə cəlb oluna bilərlər. Amma onların fəaliyyəti bu səbəbdən “sənin rezidentura təhsilin yoxdur” deyərəkdən məhdudlaşdırıla bilməz, bu, hal mövcud qanunvericiliyə, eləcə də beynəlxalq hüququn prinsiplərinə ziddir”. 

Onun sözlərinə görə, mütəxəssislər müəyyən kurslardan keçərək ixtisasını dəyişə bilərlər:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsi birmənalı olaraq bizim mütəxəsislərə ixtisasını dəyişmə hüququ verir. İxtisas dəyişmə imkanı nədən ibarətdir? Məsələn, cərrahdır, indi travmatoloq kimi fəaliyyət göstərmək istəyir. O öncə 6 il baza ali tibb təhsili alıb, daha sonra müəyyən ixtisaslaşma dövrü keçib. Bu gün o ixtisasını dəyişmək istəyəndə yenidən ondan təhsil almasını, rezidentura keçməsini tələb etmək düzgün deyil. O təlimlərdən keçərək daha qısa müddətdə həmin ixtisasa yiyələnə bilər”.

E.Əzizov qeyd edib ki, sırf plastik cərrahiyə ilə məşğul olmaq üçün rezidentura təhsili olmalıdır yanaşması düzgün deyil: “Onda gərək bütün ixtisaslara bu tələb qoyulsun. Çünki 2011-ci ildən hər hansı ixtisasa yiyələnmə üçün rezidentura təhsili tələb olunur. 

Sertifikasiya məsələsinə gəldikdə isə qeyd etmək istərdim ki, bu əvvəllər yox idi. O 2011-ci ildən tətbiq olunmağa başlandı və məqsəd də o idi ki, əhali keyfiyyətli tibbi yardımla təmin olunsun. Sertifikasiya imtahanını da vermək üçün müəyyən bilik lazımdır. Əgər bir şəxs tələblərə uyğun gələrək imtahana buraxılırsa, deməli sənədləşmə baxımından onun buna hüququ var. Daha sonra imtahandan da keçirsə onu daha şübhə altına qoymaq düzgün deyil. Çünki artıq dövlət tərəfindən ona sertifikat verilir ki,  bunun əsasında həmin fəaliyyətlə məşğul ola bilir. Ola bilər kimsə daha zəif, kimsə daha püxtələşmiş olsun. 

Amma bir məsələ də var ki, ola bilər ki, sertifikat özü saxta olsun. O heç bir dövlət səlahiyyətli qurum tərəfindən verilməsin. Təbii ki, bu sənədi saxtalaşdıran da, onu istifadə edən də məsuliyyət daşıyır, bu halda şəxsin fəaliyyəti də qanunsuz hesab olunur. Xaricdən müəyyən məbləğ ödəyərək sənəd alanlara isə burada sertifikat verilmir”. 

Vəkil nərdivanaltı fəaliyyətlə məşğul olan şəxslərlə mübarizə aparmağın vacibliyini də vurğulayıb: “Heç bir təhsili olmayan şəxsin gəlib tibb fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qanunsuzdur. Heç bir təsdiqlənmiş ixtisası olmayan, sertifikasiyadan keçməyən bu şəxsləri işəgötürən klinikalar və rəhbərləri də qanun qarşısında məsuliyyət daşıyır. Onları reklam edən televiziyalar da, digər vasitələr də yaxşı olar ki, əvvəlcə yaxşı araşdırma aparsınlar. 

Burada profilaktik tədbir  vətəndaşların maarifləndirilməsidir. Vətəndaşların məlumat almaq hüququ var. Bunun üçün hər bir klinika istənilən həkimin otağının önünə məlumatlandırma lövhəsi yerləşdirsə yaxşı olar. Bu həm saxta həkimlərin qarşısını alar, həm də pasient məmnunluğuna səbəb olar. 

Reklam sahəsində müəyyən məsuliyyət tədbirləri görülməlidir. Şəxslər barəsində dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən  məlumatların yayımlanması, reklam olunması qadağan olunmalıdır. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də eyni zamanda müəyyən dəyişikliklər olunsa ki, həkim adından istifadə etməklə, həkim fəaliyyətini həyata keçirməklə məşğul olan şəxslər buna səlahiyyəti olmadan müvafiq diplom və sertifikatı olmadan məşğul olurlarsa onlar üçün də hər hansı formada məsuliyyət nəzərdə tutulsa bu da öz effektini göstərə bilər. Qanunvericilikdə bu məsələlərlə bağlı müəyyən dəyişiklik olunması yaxşı olardı. Vətəndaşlar da klinikaya müraciət edəndə ətraflı məlumat almalıdırlar. Klinikalarda həkimlərin təhsili və iş təcrübəsi barədə məlumatlar açıq olmalıdır”.

Elxan Əzizov deyir ki, fəsadlar hər bir sahədə baş verə bilər: “Plastik cərrahiyyədə nisbətən o biri sahələrə baxanda fəsadlar daha azdı. Nədənsə bunu əksinə təqdim edirlər. Bu da pasientləri qorxudur. 

Ümumiyyətlə, tibb hüququnda belə bir termin var- məlumatlandırılmış razılıq. Bu o deməkdir ki, pasiyentə müdaxilə etməmişdən qabaq ona bu barədə ətraflı məlumat verilir. Bu tibbi müdaxilə nədən ibarətdir? baş verə biləcək fəsadları nələrdir? Tamamilə izah edildikdən sonra isə pasiyentdən razılıq alınır. Ətraflı məlumat verildikdən sonra pasiyentin düşünmə imkanı olur, əməliyyata getsin və ya yox. Həkimlərə tövsiyə edərdim ki, mütləq qaydada pasiyentləri öncədən ətraflı şəkildə məlumatlandırsınlar və daha sonra razılıq alaraq tibbi yardım göstərsinlər”.


Избранный
17
5
qafqazinfo.az

6Источники