Ukrayna millisinin və "Çelsi"sinin yarımmüdafiəçisi Mixail Mudrik müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Mudrik haqda qərarı İngiltərə Futbol Assosiasiyası qəbul edib.
Buna səbəb daha əvvəl də xəbər verdiyimiz kimi, 23 yaşlı yarımmüdafiəçinin dopinq testinin müsbət nəticələnməsi olub. Onun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə isə "B" nümunəsinin nəticəsi açıqlanacaq.
Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək. Ukrayna mətbuatında Mudrikin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.
Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir. Bu isə o deməkdir ki, Ukrayna yığması Azərbaycan və digər rəqibləri ilə görüşdə Murdikin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.
Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.