RU

"Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qlobal istiləşmə və dövrün çağırışları iqtisadiyyatların "yaşıllaşdırılması"nı labüd edir. Bu siyasətin əsas məqsədi karbon emissiyalarının azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji mühitin yaxşılaşdırılmasıdır. Təbii kapitalın - xammal, enerji, su və müxtəlif təbii ehtiyatların, ekosistemlərin qorunması və səmərəli istifadəsi nəticəsində əldə edilən iqtisadi inkişaf "yaşıl artım"dır.
Oxu.Az-ın məlumatına görə, "yaşıl artım" ətraf mühitin yaxşılaşdırılması ilə yanaşı, bir sıra iqtisadi faydalar da təmin edir: yeni istehsal sahələri yaradılır, iqtisadiyyatda innovasiyaların tətbiqi ekoloji problemlərin həllində yeni yanaşmalara imkan verir, yaşıl texnologiyalar, məhsullar və xidmətlərə tələbin stimullaşdırılması yeni bazarlar və iş yerləri yaradır.
Yeni trendə qoşulmaq üçün hökumətlərin və potensial investorların iqtisadiyyat və ətraf mühit arasında əlaqəni əks etdirən dəqiq məlumatlara, baş verən inkişafın monitorinqi və nəticələrin qiymətləndirilməsinə ehtiyacı var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29 çərçivəsində ilkin variantda istifadəyə verilən qlobal "yaşıl artım portalı"nın məqsədi müfəssəl məlumat bazası ilə yaşıl keçid strategiyalarının formalaşdırılmasını stimullaşdırmaqdır. Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir.
Universitetin fundamental tədqiqatlarına əsaslanan məlumatlar hökumətlərə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün ən uyğun yerləri (ölkələri) müəyyən etməyə yardım edir. Məsələn, yaşıl enerjinin daşınması ənənəvi yanacağın daşınmasından qat-qat baha başa gəldiyi üçün yaşıl enerjidən istehsal olunduğu yerdə istifadə etmək daha səmərəlidir. Bu baxımdan ən uyğun yerdə istehsal prosesinin qurulması investorlar üçün daha əlverişlidir.
Portalın yaradılması ilə bağlı layihəyə rəhbərlik edən Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman hesab edir ki, qlobal emissiyaların azalması üçün elektrikləşdirilə bilən hər şey elektrikləşdirilməli, istehsal prosesləri transformasiya olunmalıdır. Bərpa oluna bilməyən təbii ehtiyatların istehlakı azaldılmalıdır. Dünya təmiz enerji ilə təchiz edilməlidir. Hidrogen, biokütlə və ya başqa vasitələrdən istifadə edilməlidir. Karbonsuz iqtisadiyyat üçün kabellərə, batareyalara, elektrikli nəqliyyat vasitələrinə, yanacaq hüceyrələrinə, elektrolizatorlara və bir çox digər vasitələrə ehtiyac olacaq. Bu prosesdə karbonsuzlaşmaya töhfə verəcək vasitələrin istehsalını həyata keçirən ölkələr və investorlar həm qazanc götürəcək, həm də iqlim dəyişmələri təşəbbüslərinə töhfə verəcəklər.
"Biz buna yaşıl artım deyirik. Əgər sənin işin karbonsuzlaşan dünyanın ehtiyacı olduğu şeyləri istehsal etməkdirsə, dünya karbonsuzlaşdıqca, sən daha çox satacaq və daha çox artacaqsan. Beləliklə, yaşıl artım qlobal karbonsuzlaşmadan irəli gəlir", - deyə R.Hausman videomüraciətində vurğulayır.
Professor Rikardo Hausmanın "yaşıl artım"la bağlı videomüraciətinə bu linkdən baxmaq olar.
Избранный
9
50
oxu.az

10Источники