Qara dənizdə \"Qafqaz\" limanı yaxınlığında mazut daşıyan üçüncü tanker fəlakət siqnalı verib.
Bu barədə Rusiya KİV-ləri regionun fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.
\"Mazut daşıyan \"Volqoneft-109\" tankeri göyərtəsində çatın əmələ gəlməsi səbəbindən Qara dənizdəki \"Qafqaz\" limanı ərazisində fəlakət siqnalı verib\", - məlumatda qeyd olunur.
Bildirilir ki, fəlakət siqnalı verən gəminin korpusunun hermetikliyi pozulmayıb, dənizə sızıntı olmayıb. Heyət təhlükədə deyil.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında Rusiyaya məxsus iki tanker - \"Volqoneft 212\" və \"Volqoneft 239\" qəzaya uğrayıb. Fırtına zamanı zədələnən \"Volqoneft 212\" gəmisi saya oturub, \"Volqoneft 239\" isə dreyf edib. Hər iki tankerin göyərtəsində ümumilikdə 27 nəfər olub, onlardan 26-sı xilas edilib, bir nəfər isə ölüb.