RU

Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov dekabrın 17-də Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Audiovizual Şurası ilə Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Audiovizual Şuranın sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.

Görüşdə çıxış edən Audiovizual Şurasının sədri İsmət Səttarov Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb. O, Mərakeşin təbiətindən, mədəniyyətindən və insanların qonaqpərvərliyindən danışaraq, Azərbaycanın da dost ölkə nümayəndələrini eyni səmimiyyətlə qəbul etdiyini bildirib. O, iki ölkə arasında dostluğa və qarşılıqlı etimada əsaslanan əlaqələrin mühüm əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.

İ.Səttarov qeyd edib ki, Azərbaycanda iki beynəlxalq televiziya kanalı fəaliyyət göstərir və bu, media sahəsində tərəfdaşlıq üçün yeni fürsətlər açır. O, rəqəmsal texnologiyaların və süni intellektin medianı dəyişdirdiyi dövrdə tənzimləmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, belə əməkdaşlığın iki ölkənin maraqlarına xidmət edəcəyini bildirib.

Audiovizual Şurasının sədri qeyd edib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Bu əməkdaşlıq digər ərəbdilli ölkələrlə əlaqələrin inkişafı üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, Azərbaycan postsovet məkanı, türk dövlətləri və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında Mərakeş üçün körpü rolunu oynaya bilər. İki ölkə arasında bu əməkdaşlıq əlaqələrin daha intensiv və səmərəli olmasına töhfə verəcək.

Sonda İ.Səttarov media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb, gələcək əməkdaşlıqla bağlı nikbin olduğunu deyib.

Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb.

Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini, ortaq tənzimləyici model yaratmaq üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. L. Axarbaş bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini bildirərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.

Sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib.

O, çıxışında Ümummilli Lider Heydər Əliyevin “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” sözlərini sitat gətirərək, 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini bildirib. Taleh Quliyev əlavə edib ki, Azərbaycan postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir və bu gün ölkədə yüzlərlə media qurumu sərbəst fəaliyyət göstərir.

Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə də məlumat verilib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, HACA prezident Lətifə Axarbaşda daxil olmaqla, ümumilikdə doqquz üzvdən ibarətdir. Prezident və dörd üzv Əlahəzrət Kral, iki üzv hökumət başçısı, digər iki üzv isə parlament palatalarından birinin sədri tərəfindən təyin edilir.

Избранный
30
16
ikisahil.az

10Источники