Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşündə Azərbaycanın xalq mahnısı "Sarı gəlin" oxuyub.
Xatırladaq ki, Ərdoğan 2020-ci ildə, Zəfər Paradında “Ay Laçın” mahnısını oxuyaraq Azərbaycan xalqının Araz çayı vasitəsilə ikiyə bölündüyünün mesajını verib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ərzurumda gənclərlə görüşündə "Sarı Gəlin" mahnısını oxuması sosial şəbəkələrdə geniş rezonans doğurub:
"Bu, xüsusilə diqqət çəkdi, çünki ermənilərin Türkiyəyə qarşı ərazi iddiası etdiyi 6 vilayətdən biri Ərzurumdur. Tarixə nəzər salsaq, 1920-ci ildə ABŞ prezidenti Vudro Vilson, Sevr müqaviləsi çərçivəsində Osmanlı Türkiyəsindən Ermənistan üçün ərazilər ayırmağı təklif etmişdi. Lakin böyük Atatürkün mübarizəsi və səyləri nəticəsində bu planlar uğursuzluğa uğradı. Eyni zamanda, ermənilər Azərbaycan xalq musiqisinin nümunələrindən olan "Sarı Gəlin" mahnısını mənimsəməyə çalışmışdılar. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın həmin mahnını seçməsi, xüsusi bir mesaj vermək məqsədini güdür.
Qeyd edim ki, Türkiyə Prezidenti, İkinci Qarabağ müharibəsindən sonra keçirilən Zəfər Paradında "Ay Laçın" mahnısını oxuyaraq bir sıra dövlətlərə mesaj göndərmişdi. Hətta o zamanlar İran rəsmiləri bu məsələ ilə bağlı narahatlıqlarını bildirdilər".
Ekspert əlavə edib ki, hazırda, Trabzonda yaşanan hadisələr də müxtəlif mənalar daşıyır:
"Lakin, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışan Ermənistanın, Azərbaycan və Türkiyə arasındakı əlaqələri ayrı şəkildə həll etməyə çalışdığı nəzərə alındıqda, bu məsələyə ciddi reaksiya verməsi ehtimalı azdır".