RU

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi- niyə?..

Image

Abutalıb Səmədov: “Birincisi, bunu “Şuşa” bəyannaməsi tələb edir...”

Prezident İlham Əliyev Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bəyan edib. Azərbaycan lideri bunu Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib.

Prezident Əliyev Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Yadınıza salaq ki, noyabrın 27-də Dəməşqin üzərinə başlayan hücumlar dekabrın 8-də Dəməşqin çöküşü ilə nəticələndi, Əsəd ölkədən qaçdı. Dekabrın 9-dan, 10-dan başlayaraq Ərdoğan Suriyada normallaşma və siyasi nizamlanma prosesinin gələcək gedişi və hazırkı vəziyyətlə bağlı dünyanın bir sıra liderləri ilə müzakirə apardı. O cümlədən, ilk növbədə NATO-nun baş katibi Mark Rutte ilə, ardınca Azərbaycan Prezidenti İlham Əliyevlə danışdı, eyni zamanda İtaliyanın baş naziri Corcia Melani, Almaniyanın konsleri Şoltsla, ABŞ-nin baş katibi Blinkenlə telefon söhbəti apardı. 

Burda ən diqqət çəkən məqam odur ki, Ərdoğan birinci NATO-nun baş katibi Mark Rutte ilə, ikinci isə Prezident İlham Əliyevlə danışdı və Suriya məsələsini müzakirə etdi. Ərdoğanın Suriyada siyasi quruculuq məsələsində NATO-dan sonra ikinci yeri Azərbaycana verməsinin önəmi nədir? Bunun bir önəmi varmı?

“Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə məsləhətləşməsi bir daha hamıya göstərdi ki...”

 “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Ərəb baharı” 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasına yol açdı. “Düşünmək olardı ki, bu proses Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək. Dünyanın bir sıra ölkələri, o cümlədən, Türkiyə açıq şəkildə bəyan etdi ki, Bəşər Əsəd qarşıdurmaya getməməlidir və qan tökmədən, dinc yolla hakimiyyəti təhvil verməlidir. Ancaq Bəşər Əsəd bu məsləhətləri eşitmək istəmədi, müqavimət göstərmək, nəyin bahasına olursa olsun, hakimiyyətini saxlamaq yolunu tutdu. Tədricən nəzarətində olan əraziləri müxalif qüvvələrə təhvil verdi. 2015-ci ilə artıq Suriyanın 80 faizindən artığı Bəşər Əsədin nəzarətində deyildi. Gözləmək olardı ki, qısa müddətdə yerdə qalan hissə də ələ keçiriləcək və Bəşər Əsəd digərləri kimi hakimiyyətdən uzaqlaşdırılacaq. Bundan sonra Rusiya ilə Suriya arasında müqavilə imzalandı və Rusiya prosesə müdaxilə etdi, Suriyaya hərbi qüvvələr, əsasən də hərbi-kosmik qüvvələri yeritdi, orda hərbi bazasını qurdu. Ora həm dəniz donanmasını yeritdi, həm də Suriya ərazisində aviasiya yerləşdirildi. Rusiyanın bu dəstəyi Bəşər Əsədə imkan verdi ki, yavaş-yavaş Suriya ərazisini nəzarətə götürsün. 2020-ci ilə qədər artıq Suriyanın 85 faizə yaxını Bəşər Əsədin nəzarətinə keçdi. Türkiyə ilə sərhəddə olan İdlib - Türkiyəyə yaxın olan müxalif qüvvələrin yerləşdiyi ərazi Bəşər Əsədin nəzarətində deyildi. O dəfələrlə Moskvaya gələrək, Putindən tələb etdi ki, Türkiyəyə təzyiq göstərsin, Türkiyə öz nəzarətində olan qüvvələri İbdildən çıxarsın və bütövlükdə Suriya Bəşər Əsədin nəzarətinə keçsin. Üstəlik, prezident seçkiləri də keçirildi və növbəti dəfə özünü prezident elan etdi. Düşünmək olardı ki, Bəşər Əsədin hakimiyyəti üçün heç bir təhlükə qalmayıb. Ancaq Ukrayna müharibəsi burda da öz işini gördü və Rusiya bütün gücünü Ukrayna cəbhəsinə yönəltmək məcburiyyətində qaldı. Rusiya elə bir vəziyyətə düşdü ki, hətta Ermənistanın qarşısında da müəyyən güzəştlərə getmək məcburiyyətində qaldı. Ermənistan tələb etdi ki, “Zvartnos” hava limanından Rusiya sərhədçiləri çıxsın, Rusiya da çıxdı. Sonra İran sərhədindəki buraxılış məntəqəsini də Ermənistanın nəzarətinə verdi və Ermənistanın Rusiyaya meydan oxumalarına səbrlə dayandı. Heç bir reaksiya vermədi. Bu müddətdə, görünür, Suriya müxalifləri də vəziyyətin dəyişdiyini gördülər və Bəşər Əsəd rejiminin yıxılması üçün fəaliyyətə başladılar. Təbiidir, burda nüfuzlu dövlətlərin də iştirakı danılmazdır. Məhz Türkiyə ilə sərhəddən başladı bu qələbə yürüşü, Bəşər Əsədin nəzarətində olan ərazilər, demək olar ki, müqavimətsiz qısa müddətdə müxalifətə təslim edildi. İsraillə qarşıdurmada olan İran heç bir müdaxilə edə bilmədi. Ukrayna cəbhəsində kifayət qədər gərgin günlər yaşayan və Trampın andiçməsinə qədər ciddi uğurlara nail olmaq istəyən Rusiya da qərara gəldi ki, bu dəfə Əsədi müdafiə etməsin” - deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, Rusiyanın əlindən gələn yeganə kömək ondan ibarət oldu ki, Əsədə Moskvada sığınacaq versin, o da Suriya xalqından oğurladığı sərvətləri daşıyıb Rusiyaya gəldi.

“Qarşıda Suriyanı çox çətin günlər gözləyir və yaxın tarix göstərir ki, Bəşər Əsəd kimi diktatorların devrilməsindən sonra ölkədə vəziyyət uzun müddət yaxşılığa doğru getmir. Bəzi xalqlar hətta peşman olurlar ki, diktatorların hakimiyyəti dövründə daha yaxşı yaşayırdılar, müəyyən qədər sabitlik vardı. Baxmayaraq ki, Suriyada sabitlikdən danışmaq mümkünsüzdür. Aydındır ki, Suriya xalqını da ağır günlər gözləyir. Hələ ki, müxalifət hakimiyyəti ələ keçirmənin sevincini yaşayır, bir azdan hakimiyyət yükünün altında qalanda vəziyyətin nə qədər ağır olduğunu anlayacaqlar. Təbiidir ki, böyük dövlətlərin, bölgənin nüfuzlu dövlətlərinin yardımı olmadan Suriyanın bu vəziyyətdən çıxması çox çətindir. Burda aparıcı dövlətlərdən biri və birincisi, təbiidir ki, Türkiyədir. Heç kimə sirr deyil ki, Suriyada hakimiyyət dəyişikliyi, Türkiyənin istəyi olmasaydı, yəqin baş tutmazdı. Sonrakı hadisələr göstərdi ki, bu cür mövqe tutmaqla Türkiyə ən düzgün addımı atıb. Türkiyə liderinin aktiv məsləhətləşmələrə başlaması da göz qabağındadır. Sevindirici hal odur ki, Rəcəb Tayyib Ərdoğanın ilk məsləhətləşdiyi dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Birincisi, bunu “Şuşa” bəyannaməsi tələb edir. Biz beynəlxalq sahədə atdığımız hər addımı bir-birimizlə məsləhətləşərək atırıq. Bu addımlar bəzən fərqli olsa da, bu da məsləhətləşilərək atılan addımlardır. Burda da əvvəlcədən ciddi götür-qoy edilir və ciddi müzakirələrdən sonra hansı mövqenin tutulacağı dəqiqləşdirilir. Təbiidir ki, Azərbaycan Suriyada vəziyyəti normallaşdırmanın əsas yükünü öz üzərinə götürmüş Türkiyənin yanındadır. İlkin olaraq Azərbaycan Prezidenti humanitar sahədə yardım göstərməyə hazır olduğunu bəyan edib. Tamamilə mümkündür ki, digər məsələlərdə də Azərbaycanın yardımına ehtiyac olsa, bu addımlar da mütləq atılacaq. Təbiidir, bizim üçün çox sevindirici haldır ki, qardaş Türkiyənin sərhədində çox ciddi təhlükə mənbəyi aradan qalxıb, Suriyada kürd dövləti yaratmaq istəyənlərin planları pozulub, Türkiyədə olan təqribən üç milyona yaxın qaçqın yavaş-yavaş geri qayıdır, bu, Türkiyənin vəziyyətini yaxşılaşdırmağa, iqtisadi vəziyyətini düzəltməyə imkan verir. Azərbaycan bu bölgədə baş verən bu mühüm dəyişikliklərdə, təbiidir ki, qardaş olaraq Türkiyənin yanındadır. Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə məsləhətləşməsi bir daha hamıya göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin soyuyacağına ümid edənlər ciddi şəkildə yanılıblar, bu qardaşlıq çox sınaqlardan çıxıb, bu qardaşlıq əbədidir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan qardaşlığının yalnız daha da möhkəmlənmək, daha da güclənmək ehtimalı var” - deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA





Избранный
6
baki-xeber.com

1Источники