RU

Lənkəran “Prokuror”u Bakıda

Akademik Milli Dram Teatrı səhnəsində Lənkəran Dövlət Dram Teatrı yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanmış eyni adlı tamaşanı nümayiş etdirib. 1976–1987-ci illərdə Lənkəran rayonunun prokuroru olmuş Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr edilən bu səhnə əsəri konkret cinayət faktı üzərində qurulub.

Gənc hüquqşünas Şöhrət Poladov ­Xınalı rayonunun prokuroru təyin olunur. Anası Surə xanım oğlunun bu təyinatına əsla sevinmir. Hadisələrin gedişi onu göstərir ki, qadının həyat yoldaşı illər əvvəl burada ­qətlə ­yetirilib. Lakin cinayətin üstü hələ açılmayıb. Cinayətkarları ifşa etmək üçün yeni prokuror olan Şöhrət Poladovun bacarığı və peşəkarlığından çox şey asılıdır. Tamaşanın sonunda ədalət zəfər çalır. Prokuror Poladovun gərgin əməyi nəticəsində cinayətkarlar öz layiqli cəzalarını alırlar. 

Səhnə əsərinin quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı isə Miranda Qurbanovadır.

Rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Saleh Əzimzadə, Qızılgül Quliyeva, Allahverən Babayev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Vəfa Hacızadə, Emil Tağı və başqaları ifa ediblər.  

Əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda hüquqşünas Kəramət Qənbərov (Tələt Qənbərovun oğlu) XQ-yə müsahibəsində dedi: 

– İlk dəfə Lənkəran Dövlət Teatrında bu tamaşa 1981-ci ildə səhnəyə qoyulub. Uzun illər  rayon prokuroru vəzifəsində çalışmış Əməkdar hüquqşünas Tələt Qənbərovun həyat yolundan bəhs edir. Əsərin baş qəhrəmanı gənc hüquqşünas rolunu oynayan Şöhrət Poladov isə onun prototipidir. Bu tamaşanın gənc nəslin vətənpərvər ruhda böyüməsində xüsusi rolu var. İnanırıq ki, teatr gələcəkdə  daha yaxşı əsərlərlə tamaşaçıları sevindirəcək.

Fidan SALMAN 
XQ

 

Избранный
20
xalqqazeti.az

1Источники