RU

Baqratın haylara qış nağılı

“Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən, mahiyyətcə Qarabağ klanının marionetkasına çevrilən, Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan yaz, yay aylarında bütün Er­mənistanı gəzib-dolaşsa da, hətta İrəvanda mitinqlər keçirsə də  Ermənistanın baş naziri Nikol Paşinyan haqqında mənfi rəy yarada bilmədi. Nəticədə o, payıza qədər siyasi fasiləyə yollanmaq qərarına gəldi. Amma Baqrat Qalstanyan  payızda da istəyinə çatmadı. Hətta onun  sentyabrın 23-də İrəvandakı idman-konsert kompleksində tərəfdarları, o cümlədən Xocalı caniləri Robert Koçaryan və Serj Sərkisyanın yaxınları ilə birgə keçirdiyi görüşə qatılanların sayı gözlənildiyindən az oldu. Bununla onun “cücəni payızda saymaq” sevdası da gözündə qaldı.

Amma belə görünür ki, Baqrat niyyətindən əl çəkmək fikrində deyil. Belə ki, o, bir neçə gün öncə, daha doğrusu, dekabrın 15-də Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışmaqla yanaşı, yenidən meydanlara çıxacaqlarını bəyan edib. N.Paşinyan iqtidarını “qeyri-qanuni idarəçilik” adlandıran keşiş bildirib ki, “Müqəddəs mübarizə” qalib sonluğa qədər davam edəcək.  İndiyədək atılan addımlarda müəyyən səhvlərə yol verildiyini etiraf edən keşiş, həmçinin “hərəkat”ın tezliklə aktiv fəaliyyətə keçəcəyini və mübarizənin həlledici mərhələsinin başlayacağını vurğulayıb: “Müəyyən çatışmazlıqlara görə bir neçə dəfə yekun nəticəni əldə edə bilmədik. Yaxşı olar ki, indi vaxtında uyğunlaşaq və problemlərimizi həll edək. Yenə deyirəm: meydana çıxacağımız gün yekun olacaq".

Yeri gəlmişkən, bundan öncəki görüşlərinin birində o, belə demişdi: “Məndən tez-tez soruşurlar ki, bütün bunlar necə və nə vaxt bitəcək? Sizi inandırıram ki, bu, bizim çox vaxtımızı aparmayacaq. Biz bu yolla gedirik və bu yolda məqsəd qələbəmiz olmalıdır. Paşinyan iqtidarının yenilməz olmasına dair əfsanəni unudun”. Bütün bunlarla o, növbəti aksiyaların daha mütəşəkkil təşkil olunacağına, Paşinyan hakimiyyətinə son qoyacağına işarə edib. Şübhəsiz, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının aktuallaşdığı bir dönəmdə “üsyankar keşiş”in rəhbərliyi ilə revanşizmin yenidən baş qaldırması erməni xalqını növbəti dəfə fəlakətə sürükləməkdən başqa bir şey deyil.  Şübhəsiz, bu məsələdə onun patronlarının, daha doğrusu, sabiq prezidentlərin, məmurların və dini lider II Qaregenin əli vardır.

Yeri gəlmişkən, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması ilə əlaqədar hazırlanmış sülh müqaviləsi layihəsi xeyli müddətdir ki, müzakirə olunur. Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması bu prosesdə maneəyə çevrilib. Paşinyan elə Baqrat kimi revanşistlərin ucbatından bu məsələni yoluna qoymaqda çətinlik çəkir. Bu kimi səbəblərdən onun komandası sözdə sülh tərəfdarı olmasından danışır ki, bu da imitasiyadan başqa bir şey deyil.

 Amma Baqratın növbəti aksiyalarda hansısa nəticəyə nail olacağı əsla inandırıcı görünmür. Görünən odur ki, sadə ermənilər onu dəstəkləmirlər. Çünki onlar yaxşı dərk edirlər ki, Koçaryan və Sərkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış problemlər hazırkı hakimiyyəti  çətin vəziyyətdə qoyub. Onları isə birdən-birə aradan qaldırmaq mümkün deyil. Şübhəsiz, bu adi həqiqətləri revanşist keşiş də, onun tərəfdarları da yaxşı anlayırlar. Amma özlərini bunları bilməmiş kimi aparırlar.

Hazırda Ermənistanda revanşistlərin hakimiyyəti ələ ke­çirmək imkanlarının sıfıra bərabər olduğu gün kimi aydındır. Bütün bunlar isə ondan xəbər verir ki, Baqratın və onun həmfikirlərinin yazda və payızda olduğu kimi qışda da  uğursuzlu­ğa düçar olacağı  şübhəsizdir. Baqrat isə sadəcə ona verilən sifarişləri yerinə yetirmək naminə meydan inadından dönə bilmir.

Xatırladaq ki,  erməni xislətinə xas qarayaxma kampaniyası ilə məşğul olan, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəməyən Baqrat Qalstanyan həmişə çıxışlarında Azərbaycan əleyhinə  qəbuledilməz ifadələr işlədir. Məsələn, o, artıq tarixin zibilliyinə göndərilmiş “artsax”dan danışır, yaxud da delimitasiya və demarkasiya proselərinə kölgə salmağa çalışır. Sülh, ədalət əvəzinə şovinistliyi təbliğ edən  bu üzdəniraq din xadimi həm də Qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxışlar edir.  Hətta o, utanıb-qızarmadan Azərbaycanın guya  "yeni təcavüzə” hazırlaşdığını, keçmiş separatçı rejimin üzvlərinin əsassız həbs olunmasını  söyləyir. Bir sözlə, o, iki ölkə arasında aparılan sülh danışıqları prosesinə mənfi təsir göstərir və açıq-aydın şəkildə bölgəni müharibəyə sürükləyənlərin sırasında yer alır.  Bütün bunlar isə onun hələ də vətəndaşı olduğu Kanadanın, həmçinin Makron Fransasının casusu olması qənaətinə gəlməyə əsas verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
22
ikisahil.az

1Источники