RU

Qətərin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi qəbul keçirib

Qətərin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi qəbul keçirib.

“Report” xəbər verir ki, Azərbaycan və Qətər əmirliyinin dövlət himnləri ilə başlayan tədbir bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin çıxışı ilə davam edib.

Səfir bildirib ki, Qətər bu gün rifah, çiçəklənmə və davamlı inkişafı hədəfləyən “Qətər 2030” milli ideyasına uyğun olaraq çalışır, bütün qardaş və dost ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirir:

“Qətər və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələr daxil olmaqla bütün istiqamətlərdə məsul şəxslərin və iş adamlarının müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri əməkdaşlıq tellərini daha da möhkəmləndirməyə xidmət edir”.

Diplomat Azərbaycanı COP29 konfransına uğurla ev sahibliyi etməsi münasibətilə təbrik edib:

“Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etdi və konfrans bütün dünyanın mənafeyinə xidmət edən şəkildə idarə olundu. Nəticədə parlaq müvəffəqiyyət əldə edildi. Bu münasibətlə Azərbaycanı təbrik edirəm”.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında vurğulayıb ki, Qətər dövləti təsis edildiyi gündən böyük inkişaf yolu keçib:

“Bu gün Qətər öz dinamik və inamlı inkişafını davam etdirərək müxtəlif sahələrə aid beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar Qətərin istər qlobal, istərsə də regional nüfuzunun artmasına xidmət edir. Ölkənin qazandığı nailiyyətlər və uğurlar hamımızın sevinc və qürur mənbəyidir”.

Nazir Azərbaycan-Qətər münasibətlərindən də söz açaraq diqqətə çatdırıb ki, bu il sentyabrın 14-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub:

“Ötən 30 il ərzində Azərbaycan-Qətər əlaqələri dostluq və qarşılıqlı hörmət, qardaş ölkə və xalqların maraqları əsasında inkişaf edib. Bu dövr ərzində Azərbaycan və Qətərin dövlət başçıları arasında qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artmasına və məzmunca daha da zənginləşməsinə şərait yaradıb. Beləliklə, siyasi, iqtisadi, investisiya, biznes, parlament sahələrində səmərəli əməkdaşlıq mexanizmləri qurulub, müvafiq hüquq-müqavilə bazası yaradılıb, dövlət və hökumət, eləcə də parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensivləşib”.

M.Babayev iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradan amillərdən də danışıb:

“2021-ci ildən etibarən, Azərbaycan və Qətər vətəndaşları vizasız rejimdən istifadə edirlər. İki paytaxt arasında hər həftə on iki birbaşa uçuş həyata keçirilir. Eyni zamanda, hər iki ölkədə müxtəlif məzmunlarda mədəniyyət tədbirləri təşkil olunur. Bu mühüm amillər qardaş xalqlarımız arasında bağlılığın möhkəmlənməsinə də töhfə verir”.

Qeyd edək ki, ümumi tədbir iştirakçıları arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri, dövlət və mədəniyyət xadimləri yer alıblar.

Foto: Vüqar Xanlarov

Избранный
2
1
far.az

2Источники