Azərbaycanda pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.
Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 4.6 dəfədən çox azalıb. Noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7.66% və 7.79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.
Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3 mln.manat, dekabrın ötən dövründə isə 402.3 mln.manat olub.
?Müsbət hal kimi qeyd olunmalıdır ki, son dövrlərdə maliyyə sektorunun dayanıqlı maliyyələşmə mənbələri genişlənir. Bu da pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində aparılan ardıcıl islahatların nəticəsidir. Belə ki, cari ilin 11 ayında milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin unikal sayında 30.3%, həcmində isə 20.9% (945.3 mln. manat) artım qeydə alınıb. Bu müsbət dinamika milli valyutaya olan etimadın da bariz göstəricisidir?.