RU

Dövlətlərin və millətlərin xarakteri: Fransız siyasətçilərinin yoluxduğu zəhər...

Dünyanın rəqəmsallaşdığı və hər şeyin Süni İntellektin simulyasiyasına məruz qaldığı indiki qlobal aşkarlıq dövründə artıq hamı kimin əlinin kimin cibində olduğunu, hansı dövlətin hansı dövlət(lər)lə sıx ittifaqa can atdığını açıq-aydın görə bilir. Yəni ki, bu gün istənilən dövlətin və ya dövlətlərin dayandığı yer, söykəndiyi təməl prinsiplər və can atdığı hədəflər hamıya bəllidir.

Hazırkı geosiyasi reallıqlar dövlətlər arasında təmərküzləşmələrə, qruplaşmalara, ikitərəfli və çoxtərəfli müttəfiqliklərə rəvac verib. Ayrı-ayrı dövlətlər bir-birilə daha isti münasibətlər yaratmaq üçün hərəkətə keçiblər. Bu istiqamətdə ən çox fəallıq, canfəşanlıq göstərən dövlətlərdən biri də Ermənistandır.

Əvvəllər birmənalı olaraq Rusiya, Fransa, ABŞ və İranın himayəsinə sığınan Ermənistan son bir neçə ildə hamilərinin sayını artırmağa qərar verib. İndi Ermənistan Kanada, Səudiyyə Ərəbistanı, Çin və Hindistanla da əməkdaşlığı genişləndirməyə çalışır (hərçənd ki, Çin və Hindistan bir-birilə barışmaz rəqib sayılırlar).

Ermənistanın sıx dostluq qurduğu, strateji müttəfiq seçdiyi ölkələrin siyahısında ilk "beşliy"ə aşağdakı ölkələr daxildir:

-Fransa,

-ABŞ,

-Hindistan,

-Kanada,

-İran.

Gördüyünüz kimi Rusiya artıq bu "top-beşlik"də yer almır. Çünki Ermənistan hazırda Rusiya ilə münasibətləri "nə dost, nədəki düşmən" müstəvisində davam etdirir (baxmayaraq ki, Ermənistanın iqtisadi aktivlərinin 75 %-dən çoxu məhz Rusiyanın payına düşür). Və bu da heyrətamizdir ki, hazırkı münasibətlər hələ ki hər iki tərəfi (həm Moskvanı, həm də İrəvanı) qane edir.

Ermənistanın Suriya ilə (daha doğrusu, devrilmiş Bəşər Əsəd Suriyası ilə) münasibətləri də xüsusi xarakter daşıyırdı. Çünki Suriyadakı ermənilər Bəşər Əsədin ən çox bel bağladığı və birlikdə çirkli işlər qurduğu etnik zümrə idi. Ermənilər hələ sovet dövründə keçmiş SSRİ ilə Hafiz Əsəd Suriyası arasında "körpü" rolunu oynayır, terror təşkilatlarının qurulmasında fəal iştirak edirdilər.

Son günlər Bəşər Əsədin devrilməsindən sonra Suriyadan qaçmağa çalışan ermənilərin sayının gün-gündən artması da onların zülmkar Əsəd rejimi ilə cinayətkar işbirliyini təsdiqləyir. Dəməşqdəki ermənilər çoxsaylı cinayətlərinin yeni Suriya hökuməti tərəfindən bağışlanmayacağından ehtiyat edirlər.

Ümumiyyətlə, siz Ermənistanın sıx müttəfiqlik etdiyi ölkələrin, rejimlərin tipinə, xarakterinə nəzər salın. Demək olar ki, hamısı birmənalı olaraq "toksik" ölkələrdir, qeyri-humanist rejimlərdir.

Başqa sözlə desək, Ermənistan ilk növbədə məhz özü kimilərlə tapışıb, curlaşıb, müttəfiqlik münasibətləri qurub. Bu da Ermənistan dövlətinin qurucu etnosunun - ermənilərin etnopsixologiyasından, mental kodlarından, milli mahiyyətdən qaynaqlanır. Bizim müdrik el məsəlimizdə buna "su axar, çuxurunu tapar" deyirlər.

Ermənistan və onun potensial müttəfiqləri öz şər mahiyyətlərindən çıxış edərək bir-birilərini maqnit kimi cəzb edirlər. Burada söhbət heç də yalnız etnik qan qohumluğunun, eyni soykökə malik olmağın doğurduğu təbii-tarixi birləşmə amillərindən getmir.

Doğrudur, ingilis tarixçi-sosioloqu Entoni Smit “Millətlərin etnik genezisi” adlı fundamental tədqiqat əsərində millətlərin münasibətlərinin ortaq soykökə, ortaq mədəni mirasa və ortaq dilə qədər gedib çıxdığını vurğulayır. Lakin ən maraqlısı da budur ki, bu gün rəsmi İrəvanın strateji tərəfdaşlıq münasibətləri qurmağa, hamiliyini əldə etməyə çalışdığı ölkələrin bir çoxunun Ermənistanla yaxından-uzaqdan heç bir ortaq kökləri, etnogenetik bağlılığı yoxdur. Onları yalnız şərə söykənən, dağıdıcılığa xidmət edən ortaq siyasi kimlikləri, geosiyasi hədəfləri birləşdirir.

Bu mənada, Ermənistanın əsas müttəfiqləri və hamiləri sırasında məhz Fransanın başda gəlməsi heç də təsadüfi deyil. Davakar və irqçi kilsə ideologiyasına əsaslanan Ermənistan dövləti ilə erkən orta əsr Frank krallığının və səlibçi fransız kralllarının varisi kimi çıxış edən Makron Fransasını bu gün ilk növbədə xristian həmrəyliyi və türkəfobiya, islamofobiya birləşdirir. Makron özünü Beşinci Respublikanın - "müasir, sivil və demokratik" Fransanın rəhbəri kimi yox, eynən XI–XIIl əsrlərdə İslam dünyasına qarşı "Səlib yürüşləri" (Xaçlı müharibələri) təşkil etmiş fransız krallarının, Roma papalarının dini-siyasi varisi kimi aparır. O, ermənilərə qahmar çıxmağını da məhz bununla əsaslandırır.

Makronun nazirləri, səfirləri də eyni xəstə məntiqdən çıxış edirlər. Fransanın Ermənistana çox bağlı olduğunu etiraf edən xarici işlər naziri Jan-Noel Barro`nun Avropa İttifaqına daxil olan ölkələri Ermənistana güvən verəcək bütün dəstəyi verməyə çağırması da, əslində, elə həmin xristian təəssübkeşliyinin yeni təzahürüdür.

Və bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın üç ay öncə Fransanın baş naziri təyin edilmiş Mişel Barnyeyə göndərdiyi təbrik məktubunun mürəkkəbi qurumamış, ötən gün Fransanın yeni baş naziri Fransua Bayruya da təbrik məktubu göndərməsi və onu Ermənistana rəsmi səfərə dəvət etməsi bir daha Fransa-Ermənistan münasibətlərinin Cənubi Qafqaza qanlı perspektivlər vəd edəcək qədər dərinə işlədiyini göstərir.

Yeri gəlmişkən, Ermənistan Fransanın yeni baş nazirini rəsmi səfərə dəvət edən ilk ölkədir. Bu, bizi əsla təəccübləndirmir. Ancaq bu, bizi ciddi şəkildə narahat etməlidir. Fransua Bayru Fransa parlamenti tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasında fəal rol oynayan siyasətçilərdən biri olub.

P.S.

Əvvəlki fransız liderlərindən fərqli olaraq Emmanuel Makron dünya tarixində Fransa siyasətinə açıq ermənipərəstliyi, açıq islamofobiyanı, açıq türk düşmənçiliyini gətirməsi ilə və özündən sonra çoxlu ermənipərəst siyasətçilər qoyub getməsi ilə qalacaq.

Hazırkı fransız siyasətçilərinin əksəriyyəti ermənipərəstlik zəhəri ilə yoluxub. Hətta Fransanın ən gənc siyasətçisi sayılan Jordan Bardella (aşırı sağcı Milli Birlik Partiyasının 28 yaşlı rəhbəri) da qatı ermənipərəstlik azarına tutulub.

P.P.S.

Tarix Makrondan qisas alacaq. Makronun toksik siyasəti gələcəkdə lənətlə xatırlanacaq. Bu, Makronu elə də narahat etməsə də, ancaq bəşəriyyətə böyük dühalar bəxş etmiş fransız xalqını isə ciddi şəkildə düşündürməlidir.

Bəybala Mirzəyev

visiontv.az



Избранный
6
visiontv.az

1Источники