RU

"Həkim çatışmazlığı genefondumuzu təhdid edir" — Professordan XƏBƏRDARLIQ

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində ölkədəki həkim çatışmazlığı probleminə diqqət çəkib. 

O deyib ki, hazırda səhiyyə sisteminin problemlərindən biri də peşəkar kadrların azlığıdır. A.Nəsirov xüsusən də bölgələrdə həkim çatışmazlığının olduğunu nəzərə çatdırıb. 

Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söyləyib ki, ölkədə tibb sahəsində kadrlar, əsasən, Azərbaycan Tibb Universitetində yetişir. 

Onun sözlərinə görə, həkim çatışmazlığının əsas səbəblərindən biri rezidentlərin hazırlanması ilə bağlı mövcud problemlərdir:

“Bu problem illərdir davam edir. Əsas səbəb odur ki, Tibb Universitetində rezident hazırlığı həyata keçirilmir. Universitetin hər iki korpusu ancaq xəstə qəbulu ilə məşğuldur, rezidentlərin hazırlanması məsələsi arxa plana keçib. Rezidentlər də xəstələrin müalicəsində iştirak etməlidirlər, praktikaya yiyələnməlidirlər. Amma burada icbari tibbi sığorta əsasında xəstə qəbulu aparılmır. Nəticədə həkimlərin peşəkarlaşması yönündə çatışmazlıqlar yaranır”. 

A.Qeybulla bildirib ki, tələbələr ölkədə rezidenturaya daxil olsalar da, daha sonra təhsillərini xaricdə davam etdirir və karyera qururlar:

“Rezidentlərə xəstə verilməlidir. Təcrübəyə yiyələnə bilməyən gənc kadrlar Türkiyəyə, Almaniyaya gedirlər. Oradakı mühit bizdəkindən çox fərqlidir. Həkim olmağa namizəd olan şəxslər tibbin, təhsilin, səhiyyə sisteminin yüksək inkişaf etdiyi ölkələrə gedir, orada işləyir, yaşamağa başlayırlar. Beləliklə, biz potensiallı gəncləri, gələcəyin savadlı həkimlərini itirmiş oluruq. 

Aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB bu vəziyyəti nəzərə almalı, müvafiq tədbirlər görməlidir. Sürətli “beyin axını” baş verir. Parlamentdə də rezident hazırlığı ilə bağlı məsələ gündəmə gəlməlidir. Həkim çatışmazlığı artıq bizim genefondumuzu təhdid edən ciddi problemə çevrilib”.


Törə Zeynallı
Demokrat.az
Избранный
18
demokrat.az

1Источники