RU

“Ortaq türk danışıq dilinin yaranmasında əsas rol radio və televiziyalardadır”, R.Həşimov

 

 

Sevda Mirzə (aparıcı): Salam, əziz dinləyicilər və tamaşaçılar. TRT Türkiyə üçün nədirsə, AzTv - Azərbaycan Televiziya və Radio Verilişləri QSC də Azərbaycan Respublikası üçün odur. Bu gün TRT-nin qonağı AzTv-nin sədr müavini, Azərbaycan radiosunun rəhbəri, Əməkdar artist, yazıçı, ana dilinin düzgün danışılmasında ölkədə mühüm rol oynayan şəxs, diksiya müəllimi və Azərbaycan teleaparıcılığında gənclərə nümunə olan tanınmış jurnalist Rafiq Həşimovdur. Xoş gəlmisiniz. Sizi burada görmək çox xoşdur bizə. Uzun illər əvvəl TRT-də olmusunuz. O vaxtkı ilə bugünkü TRT təəssüratı necə oldu sizdə?

Rafiq Həşimov (AzTv sədr müavini): Çox böyük dəyişiklər gördüm. Axırıncı dəfə 1998-ci ildə TRT-də olmuşdum. Artıq bir qərinə keçib, 25 ildən çox bir zaman. TRT-dən o vaxt yaddaşımda qalan təəssüratla indiki arasında çox böyük fərq var. Dünyanın informasiya mühitinin ən böyük sütunlarından biridir TRT. Azərbaycan radiosu və televiziyası ilə də çox sıx əməkdaşlıq edən qardaş bir kanaldır.

  Bayaq TRT-nin pəncərəsindən bayıra baxanda bir qədər 25 il əvvəlin əhvalı da gəldi, nostalji hissləri keçirdim.

Sevda Mirzə (aparıcı): Bu dəfə Ankaraya gəlişinizin məqsədi nə idi?

Rafiq Həşimov (AzTv sədr müavini): Ankarada hər il Kitab Sərgisi keçirilir. Bu dəfə də dəvət olunduq.

  Xalq Bankın “Xalq əmanəti” layihəsi Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyatını çap edərək bütün dünyaya yayır, təbliğ edir. Bu, bir xeyriyyə layihəsidir. Mən də o layihədə iştirak edən bir adam kimi Ankara Kitab Sərgisində həmin kitablarımızı təqdim etməyə gəldim. Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə biz burada məmnuniyyətlə iştirak etdik. Bu səfər çərçivəsində istədim ki TRT-də çalışan dostlarımızla, qardaşlarımızla da əlaqə saxlayaq. TRT radiosunun rəhbər heyəti tərəfindən bizim görüşümüz, çox məhsuldar söhbətlərimiz oldu gələcək fəaliyyət planımızla bağlı.

  “Durna teli” adlı ortaq proqramımız var TRT və Azərbaycan radiosu arasında.

Sevda Mirzə (aparıcı): “Durna teli”ndən əvvəl TRT-nin İctimai Radio ilə “Qorqud ata” adlı ortaq canlı proqramı var idi. Azərbaycanla Türkiyə arasında radio-televiziya əlaqələri hal-hazırda “Durna teli” ilə davam edir.

Rafiq Həşimov (AzTv sədr müavini): İki dövlət arasındakı müqavilə əsasında bir çox istiqamətlər üzrə qarşılıqlı fəaliyyətlər nəzərdə tutulub. Bunların arasında Azərbaycan və Türkiyə radio-televiziyalarının qarşılıqlı proqram mübadiləsi haqqında bəndlər də var. Bunu əsas götürərək iki qardaş xalqın radio və televiziya qurumları arasında sıx əməkdaşlıq davam edir.

  Təlim proqramlarımız da var. TRT-dən artıq neçə ildir Azərbaycan Televiziyasına müəyyən redaktor, prodüser, müxtəlif peşə adamları heyətləri gəlir, seminarlar keçirir, təcrübələrini tədris edirlər. 5 ildir də Azərbaycan Radyo Televiziyası əməkdaşları TRT-nin qonağı olurlar. Buna görə TRT rəhbərliyinə, heyətinə xüsusi təşəkkürümüzü bildiririk.

Sevda Mirzə (aparıcı): Biz radionu televiziya mühitinə çevirmişik bu gün, bəlkə də televiziya jurnalistləri olduğumuz üçün. Təbii, sizin televiziya təcrübəniz daha çoxdur ki, hər zaman yararlanmağa çalışırıq. Uzun illərdir diksiya müəllimi olaraq da aparıcılar hazırlamısınız. Sizinlə müsahibə alarkən adam bir az çəkinir ki, Azərbaycan dilini bu qədər mükəmməl bilən bir insanın qarşısındayıq.

  Bizim dilimiz ümumilikdə türk dilidir, ayrılıqda isə müxtəlif qollara bölünüb. Türk soylu ölkələrin dövlət dilləri ana dilləridir. Rusiya tərkibindəki muxtar türk respiblikalarda isə birinci dil rus dili olsa da, ana dillərində də təhsil alırlar. Yaxınlarda Ortaq Türk Əlifbası qəbul olundu. Bununla bağlı türk dövlətləri, xalqları artıq işlər görülməyə başlanıb, ortaq ideyalar formalaşmaqdadır. Sizin də maraqlı fikirləriniz var bu işin radio və televiziyada tətbiqi ilə bağlı.

Rafiq Həşimov (AzTv sədr müavini): Bilirsiniz ki, artıq Türk Dövlətləri Təşkilatı tərəfindən ortaq türk bayrağı da qəbul olundu. Hamımızın qürurla qarşıladığımız bayrağımız. Sovet İttifaqının tərkibində olduğumuz uzun illər dəmir pərdə var idi aramızda, 90-cı illərə qədər. Ondan sonra Azərbaycan və ittifaqın tərkibindəki digər respublikalar müstəqilliklərini əldə etdilər ki, bunları çoxu türk dövlətləridir. Şükür olsun ki, tarixin ədalət təkəri yürüdü. Artıq dövlətlər tərəfindən ciddi addımlar atılır. Bu işin də önündə Türkiyə ilə Azərbaycan gedir, birləşdirici, qabaqcıl qüvvə kimi. Əsas körpü təbii ki Azərbaycandan keçir.

  Əslində dilimizin tarixinə, onun elmi əsaslarına baxsaq, məsələn, Mahmud Kaşqarinin “Divani-Lüğəti-Türk”ünə, o zaman görürük ki,  minlərlə ümumtürk sözü var bu günə qədər istifadə olunan. Əgər ölkə-ölkə gəzsək, türk xalqlarının dillərində ən azı 70 faiz ifadələr insanlara tanışdır.

  Mənim fikrimcə, çağdaş dövrün imkanlarından istifadə edərək ortaq danışıq dilinin yaradılmasında avanqard və əsas rol radio və televiziyalardadır. Məsələn, bir aparıcı 5-6 türk dövlətinin qonaqları ilə studiyada söhbət aparır: hərə öz dilində, ləhcəsində danışır. Mən sizi əmin edirəm ki, 2-3 ildən sonra ona qulaq asan dinləyici və tamaşaçılar başlayacaqlar o sözləri müqayisə etməyə, qarşılaşdırmağa və ümumi bir türk danışıq dili formalaşacaq. Radionun, televiziyanın, kinonun imkanlarından geniş istifadə olunmalı və bu hərəkat intensivləşməlidir. Bu iş Türk dövlətləri xalqlarının rifahına, mədəni inkişafına öz dəstəyini göstərəcək.  

Sevda Mirzə (aparıcı): Yəni azərbaycanlı, özbək, qırğız, qazax, tatar, türkmən və digər adını çəkə bilmədiyimiz türk xalqları nümayəndələri dairəvi masa arxasında oturub söhbət edəcəyik, Türk dünyası ədəbiyyatı, incəsənəti ilə bağlı hər kəs öz dilində danışacaq və beləliklə, ortaq bir türk dili yaranacaq öz-özlüyündə.

Rafiq Həşimov (AzTv sədr müavini): Mən sizi əmin edirəm ki, bu, həyata keçə bilən bir şeydir. Niyə? Öz təcrübəmdən deyim. Son 5 ildə mən dəfələrlə İstanbula səfər etmişəm. Həyati İnanç adlı tanınmış bir ədəbiyyatçı var. Onunla söhbət etdik. Mən suallar, o da cavablarını verirdi və biz bir-birimizi çox rahat anlayırdıq. Türkiyənin məşhur tarixçisi Oktay İlberlidən müsahibə aldım. Suallara çox rahat cavab verirdi. Anlaşırdıq. Məşhur yazıçı və kino sənəti adamı Bahadır Yenişehirlioğlu ilə də çox rahat anlayırıq bir-birimizi. Yəni belə təcrübələr göstərir ki, nə tərcüməyə, nə xüsusi diqqətə belə ehtiyac yoxdur. Bu, bütün vətəndaşlar arasında da belədir. Sadəcə uzun olmayan bir zamana ehtiyac var.

Sevda Mirzə (aparıcı): Azərbaycan və Türkiyə jurnalistikasında gəncləri necə dəyərləndirirsiniz? Biz həm Sovet dövrünün, həm də müstəqillik illərində daha demokratik bir jurnalistikanın yetirmələriyik. Radio və televiziya irəliyə doğru daim dəyişə bilən sahələrdir. Bugünkü jurnalistikada işlər necə yürüyür?

Rafiq Həşimov (AzTv sədr müavini): Efirlərdə demişəm, yenə təkrar edirəm: 90-cı illərdən – indi danışdığımız mobil telefonlar çıxandan sonra ayrı bir sivilizasiyaya düşmüşük. “Mobil telefon sivilizasiyası” deyə bilərik. Burada dəyərlər, düşüncələr, zaman anlayışı tamamilə fərqlidir.

  Ümumiyyətlə, istənilən hadisəyə iki baxış vardır, həm mənfi, həm müsbət. Yaxşı baxarsan, yaxşı görərsən. İnternetdə o qədər gözəl məlumatlar var ki. Təkcə “Google” kömək edir, böyük kitabxanalara getməyə ehtiyac qalmır. Dünyanın istənilən dilində istənilən məlumatlar vardır. Bilik mənbəyidir.

  Mənim yadımdadır, 1998-ci ildə İtaliyaya bir proqram hazırlamağa gedəndə yanımda bir neçə kitab götürüb aparmışdım ki, orada lazım olan məlumatları tapım və s. İndi sadəcə bir mobil telefon kifayət edir ki,  başqa ölkəyə də getsən, hər şey hazırlayıb gələsən. Bu, xeyirli tərəfləridir. Bir də baxır mobil telefondan necə istifadə edirsən.

  O ki qaldı müasir dinləyici, seyirci obrazına, zaman sürətləndiyi üçün o bir qədər hövsələsizdir, səbirsizdir. Çox məlumatlıdır, bu hələ bilikli olmaq deyil. Çünki informasiya və bilik fərqli şeylərdir.

Sevda Mirzə (aparıcı): Qısa zaman içində böyük məlumatlara sahib olmaq istəyirik.

Rafiq Həşimov (AzTv sədr müavini): Onun üçün də radio və televiziyada işləyənlərin üzərinə böyük məsuliyyət düşür. Sən qısa vaxt ərzində daha çox, daha maraqlı elə formatlar fikirləşməlisən ki, hövsələsiz, tələsən, hər şeyi tez əldə etməyən gəncləri cəlb edə biləsən. Radio və televiziya işçilərindən böyük peşəkarlıq tələb olunur.

Sevda Mirzə (aparıcı): Radio və televiziyalara yeni sistem gəlir. Avropanın artıq keçdiyi süni intellekt.

Rafiq Həşimov (AzTv sədr müavini): Mən bu mövzuda heç nə deyə bilmirəm, çünki geniş elmi məlumatım yoxdur. Əksər dinləyicilər və tamaşaçılar kimi mənim də ümumi anladığım bir süni intellekt anlayışım var. Hətta dünyasını dəyişmiş aktyorların səslərini belə canlandırırlar. Amma ruh məsələsi var. Mən bilmirəm o ruhu neyləyəcəklər. Çünki insan ruhu, isti münasibəti, sevgisi, nifrəti ilə, yaxşısı ilə, pisi ilə, emosiyası ilə maraqlıdır. Süni intellek mənim üçün hələ qaranlıq bir anlayışdır. Adında ki “süni” sözü var, o artıq məni ehtiyatlandırır. Amma yaşayarıq, görərik. Mən istəyərdim ki, hər şey - intellekt də, münasibət də təbii olsun, süni deyil.

Sevda Mirzə (aparıcı): Çox minnətdaram. Sizin TRT-nin Azərbaycan redaksiyasında olmaq bizə şərəf verdi, bundan məmnuniyyət duyduq. Türkiyənin paytaxtı Ankaradan Azərbaycanın paytaxtı Bakıya salamlarımızı yetiririk. Ümid edirik ki, TRT ilə AzTv arasında bundan sonra da layihələr olacaq, davam edəcək və bu birgə işlər digər türk dövlətlərinə də nümunə olacaq.                 



Избранный
10
1
trt.net.tr

2Источники