Dekabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü, Sumqayıt şəhər Əli Kərim adına Poeziya klubunun “Fəxri üzvü”, jurnalist, şair-tərcüməçi, ən əsası isə, sadəliyi, səmimiliyi, insanlığı ilə seçilən və geniş oxucu kütləsinin sevgisini qazanan Giya Paçxataşviliyə həsr olunmuş "Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı oldu.
Tədbirin təşkilatçısı və aparıcısı, AYB-də Multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəcli qonaqları salamladıqdan sonra bir dəqiqəlik sükutla Şəhidlərimizin əziz xatirəsi yad ediıdi. Sonra söz kitabın müəlliflərinə - Respublikamın Əməkdar jurnalisti Qənbər Ağayevə və tədqiqatçı-alim, professor Nizami Tağısoya (Məmmədov)verildi.
Qeyd edək ki, 29 yanvar 1961-ci il tarixdə Qax rayonunun Qax-Gürcü kəndində dünyaya gələn, milliyyətcə gürcü olan Giya Paçxataşvili ədəbiyyata 1976-cı ildə "Səni sevməyimi..." əsəri ilə gəlib. Onun məşhur "Oğul ata itirdi", "Zülmətdən gələn işıq" şeirləri bu gün də oxucuların dilindədir. Yeri gəlmişkən vurğulayaq ki, o, 65-ə yaxın kitablarının (rus və gürcü dillərinə) tərcüməçisi və 9 kitabın müəllifidir.
Tədbirdə iştirak edən ziyalılar Giya bəyin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun insani keyfiyyətlərindən, həyata baxışından da söz açdılar, Giya bəyin ömür-gün yoldaşı, cəfakeşi olan rəssam Xatirə Paçxataşviliyə və günün qəhrəmanına bir ömür boyu xoşbəxtlik diləyi ilə, ən xoş arzularını bildirdilər. Beləcə, Giya dünyasının sehrinə düşən giyasevərlər tədbirdən xoş təəssüratlarla ayrıldılar.
Aygün Hacıyeva.
AJB, AYB və AAB-nin üzvü.
P.S. Biz də, öz növbəmizdə, Giya bəyi, müəllifləri ürəkdən təbrik edir, bol yaradıcılıq uğurları diləyirik!