Biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini diqqətlə izləyirik.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb: “Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz.
Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm”.