Şagirdlərin davranışı və məktəbdə rəftar mövzusu bütün dövrlər üçün aktualdır. Bütün məktəblərdə uyğunsuz hərəkətləri ilə dərs prosesini pozub müəllimlərin səbrini sınayan, öz sərhədlərini sonuna qədər yoxlamağa çalışan şagirdlərə rast gəlmək mümkündür. Bu əsasən onların yeniyetməlik dövrlərinə xas əlamətlərdir. Hər nə qədər də belə şagirdlərlə işləmək çətin olsa da, tədrisi idarə edənlər həmin şagirdlərə doğru yolu göstərməyin metodlarını tapmalıdırlar.
Çünki məktəb sadəcə akademik biliklərin öyrədildiyi bir məkan deyil, həm də dəyərlərin, etik prinsiplərin və ictimai qaydaların mənimsənildiyi, obrazlı desək, həyat laboratoriyasıdır. Məktəbin divarları arasında hər kiçik hərəkət böyük təsir gücünə malikdir. Bu təsiri necə müsbətə doğru dəyişə biləcəyimizi düşünməliyik.
Günümüzlə də səsləşdiyini nəzərə alaraq, TƏHSİL.BİZ qəzetinin 20 fevral 1970-ci il tarixdə 14-cü nömrəsində yayımlanmış "“Çətin” uşaqlar" başlıqlı yazını təqdim edirik
***
Sovet pedaqogika elmi kommunizm cəmiyyətinə layiq, hərtərəfli inkişaf etmiş vətəndaşlar yetişdirmək üçün təlim və tərbiyənin bütün sahələrinə aid dəyərli prinsip və üsullar irəli sürmüşdür. Hazırda təlim-tərbiyə ilə məşğul olan müəllimlər həmin prinsip və üsullardan yaradıcılıqla istifadə edərək sevindirici nəticələr əldə edirlər.
Bununla belə, məktəblərimizdə “çətin” uşaqların tərbiyəsi məsələsi xüsusi diqqət tələb edir. Elə məktəblərimiz vardır ki, burada 2000-dən çox şagird tərbiyə alır. Sözsüz ki, belə bir böyük kollektivin bütün üzvləri eyni təhsil dərəcəsinə, şüura, davranışa və müsbət tərbiyəvi keyfiyyətlərə malik deyildir. Bəzən onların içərisində elələrinə təsadüf edilir ki, onlar məktəbin, ailənin və oxuduğu kollektivin qanun-qaydaları ilə hesablaşmırlar.
Belə uşaqlara fikir verməmək, yaxud bu hadisələrlə hesablaşmamaq mümkündürmü?
Kollektiv içərisində olub, üzvlərdən ayrı düşmək heç bir məktəb qanununa müvafiq ola bilməz. Kollektiv içərisində yaşayan hər bir şagird məktəbin bütün qayda-qanunlarına əməl etməli və onun həqiqi üzvü kimi davranmağı bacarmalıdır.
Bəs, əksinə olduqda? Bu, dərhal bütün kollektivin diqqətini cəlb etməli və əməli tədbirlər gürülməlidir.
Şagirdlər içərisində elələrinə rast gəlmək olur ki, onlar oxumaqdan imtina edir, müəllimin nəsihətinə qulaq asmır, üzvü olduğu təşkilatın qayda-qanunlarından uzaq gəzir. Belələri haqqında ata-analarından tez-tez “biz bacara bilmirik, bəlkə siz birtəhər yola gətirəsiniz” sözlərini eşidirik. Belə uşaqlar heç bir cəza tədbirindən qorxmur, rəğbətləndirmək isə onlara yad görünür.
Bəs, nə etməli?
Budur, 900 nəfər şagird kollektivinə malik olan bir məktəbdə neçə nəfər “çətin” uşağa təsadüf edilmişdir. Onlardan biri Fəxrəddindir. F. fiziki cəhətdən nöqsanlı deyildir. Lakin hərəkətlərində şıltaqlıq, tabesizlik, kobudluq, davakarlıq və s. bu kimi mənfi keyfiyyətlər çoxdur. F. eyni zamanda ata-anası ilə də hesablaşmır, məktəbdə isə “istədiklərini” etməyə çalışır, dərslərini oxumur, ev tapşırıqlarını yerinə yetirmir, bəzən ya qələmi, ya kitabı, ya da ki, mürəkkəbi olmur. Bir sözlə, onda müsbət keyfiyyət yalnız dərsə müntəzəm gəlməsidir. Həkim müayinəsi nəticəsində müəyyən edilmişdir ki, onda heç bir psixi, əsəbi və s. xəstəlik yoxdur.
Məktəbin şagird kollektivi içərisində ikinci belə çətin şagird Zəminədir. O, 45 dəqiqə müddətində sinifdə əyləşə bilmir, darıxır, tez-tez icazə istəyir. Özü də iki ildir ki, eyni sinifdə oxuyur. Hər iki şagirdin ata-anası öz doğma övladları ilə bacara bilmədiklərini etiraf edirlər.
Necə? Hansı yolla?
Deməliyəm ki, doğrudur, belə “çətin” uşaqların sayı çox azdır. Lakin hər bir uşağın taleyi biz müəllimləri düşündürdüyü üçün sayca az olsa da, onları intizama dəvət etmək borcumuzdur.
Belə uşaqların hansı yollarla tərbiyə olunacaqları haqda heç bir ədəbiyyat olmadığından, biz pedaqoji təcrübəmizdən bu haqda bəzi qeydləri vermək istəyirik.Təcrübəmdə belə qənaətə gəlmişəm ki, “çətin” uşaqları tərbiyələndirmək, onları təlimə sövq etmək üçün bu uşaqların sağlamlıq cəhətcə necə inkişaf etdiklərini nəzərdən keçirmək zəruridir. Bu nəzarət məktəb həkim məntəqəsi tərəfindən, məktəb direktoru və onun müavinlərinin təklifi ilə bir tədris ilində iki-üç dəfə aparılmalıdır. Həkim uşağı sağlam hesab edərsə, onda uşaqda olan mənfilikləri ailə və məktəb şəraitində axtarmaq lazımdır. “Çətin” uşaq deyə qələmə aldığımız şagirdlərin ailə şəraiti ilə məşğul olduqda, müəyyən edildi ki, müxtəlif səbəblərdən Zəminənin atası ailəni atmışdır. Ana isə növbə ilə işlədiyindən qızına yaxşı nəzarət edə bilmir. Zəminə bundan istifadə edərək, dərs oxumur, ev tapşırıqlarını yerinə yetirmir, bütün günü həyətdə uşaqlarla oynayır.
Zəminə bəzən dərsə gəlir, bəzən müəllimin haqlı danlağını, nəsihətini qəbul etmir. İstədiyi vaxt sinifdən çıxıb gedir, habelə uşaqlarla kobud rəftar edir. Ondan özünü nə üçün belə aparırsan soruşduqda dedi:
– Sinifdə pis oxuyan bircə mən idim məgər? Məni sinifdə saxladılar?
Məsələ aydın idi. Təcrübə göstərir ki, bəzən müəllimlər tərəfindən biliyin düzgün qiymətləndirilməməsi də şagirdin tərbiyəsinə, qoyulmuş qayda-qanuna əməl etməsinə mənfi təsir göstərir. Müəllimlər isə bunun fərqinə varmadan şagirdi “intizama tabe olmursan!”, “pis oxuyursan”, - deyə danlayırlar.
Zəminə ilə söhbət apardıq. Onda qüvvəsinə inam yaratdıq. Bundan sonra qız ədəb qaydalarına riayət etməyə başladı və məktəbin ictimai işlərinə fəal girişdi. Deməli, “çətin” uşaqların, əgər xəstə deyildirsə, bu və ya digər səbəbdən intizamsızlıq etmələrinin səbəbini aydınlaşdırmaq zəruridir. Səbəbi aydın olan hər bir işi isə sahmana salmaq asandır.
Ümumiyyətlə, “çətin” uşaqlarla tərbiyəvi işlərin aparılmasında heç bir resept yoxdur. Çünki uşaqlar xarici görkəmlərinə görə bir-birlərinə oxşamadıqları kimi, xasiyyət etibarı ilə də bir-birlərindən fərqlənirlər. Lakin “çətin” uşaqların tərbiyə edilməsi üçün uzunmüddətli müşahidə və pedaqoji kollektivin müntəzəm nəzarət və qayğısı əsasdır.
“Çətin” işaqların ev şəraiti ilə tanış olmaq, hərəkəti, davranışı üzərində nəzarət qoymaq vacibdir. Onlar üçün evdə guşə düzəldilməli, yaxşı oxuyan əlaçı şagirdlərlə dərsə hazırlaşmaları təmin edilməlidir. Əgər uşaqlar bunlara da tabe olmazsa, günüuzadılmış qruplara cəlb edilməli, onlarla zövqlərinə uyğun tərbiyə işləri aparılmalıdır.
Şübhəsiz ki, günüuzadılmış qruplar hər məktəbdə fəaliyyət göstərmir, belə olduqda həmin şagirdlərin meylinə və onları maraqlandıran ixtisaslara görə dərnəklərə və məktəbdənkənar tərbiyə müəssisələrinə cəlb olunmaları yaxşı nəticə verər.
Dərsdən sonra özlərinin seçdikləri dərnəklərdə onların nə dərəcədə müntəzəm və maraqla iştirak etmələri ciddi yoxlanmalı, hər gün bu haqda kollektivin nəzarət edən üzvlərindən məlumat alınmalıdır. Bu işlər orta məktəblərdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçılara tapşırılmalıdır.
Yuxarıda adını çəkdiyimiz F. adlı şagird bu yolla intizama dəvət edilmişdir.
Müşahidələrdən aydın olur ki, belə çətin uşaqların meydana çıxmasında əsas səbəbi, bir qayda olaraq, təkcə ailə və məktəbdə axtarmaq lazım deyil. Bu səbəbləri bəzən dərslərin sönük qurulmasında, uşağın ictimai işlərə cəlb edilməməsində, onun marağının düzgün istiqamətləndirilməməsində, bəzən müəllimin uşağın kobudluğuna qarşı əsl pedaqoq kimi deyil, sərt hərəkət etməsində və s. də axtarmaq lazımdır.
Yüksək pedaqoji ustalıq, kollektivin səyi nəticəsində “çətin” işaqları tərbiyə etmək mümkündür.