Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə “WhatsApp” messencerindən rəsmi məqsədlər üçün istifadəni qadağan etmək qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbesin bəyanatına istinadən məlumat yayıb.
O, Şotlandiya parlamentində deyib: “Hökumət fəaliyyəti təhlükəsiz olan və məlumatın qanunla müəyyən edilmiş öhdəliklərimizə uyğun şəkildə paylaşılmasına imkan verən hökumət sistemlərində həyata keçirilməlidir”.
Forbes əlavə edib ki, “WhatsApp” və digər “qeyri-müəssisə” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından dayandırılacaq.
Nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız “Microsoft Teams” kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan olunacaq. Bütün “qeyri-korporativ” ani messencerlər yenidən quraşdırmaq imkanı olmadan nazirlərin iş mobil cihazlarından silinəcək.