RU

AŞPA-nın yanvar sessiyasında Azərbaycan məsələsi – Seyidov açıqladı

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2024-cü il Azərbaycan-Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlərdə heç bir irəliləyiş baş vermədi. Gələn il üçün münasibətlərdə yeni bir səhifənin açılmasına ümidlər varmı?

- Hazırda AŞPA-da dərin bir böhran hökm sürür. Ona görə də, AŞPA-nın 2025-ci il yanvar sessiyasında daha çox gərginliyin olması proqnozlaşdırılır. Hətta təşkilatla başqa ölkələr arasında ciddi problemlər, gərginlik yaranacaq. Bunun fonunda indiki kriz vəziyyətindən çıxmaq üçün heç bir addım atılmayacaq. Ona görə ki, AŞPA rəhbərliyi tamam başqa bir yol seçib. Real dəyərləri, qarşılıqlı hörmət, dialoq, anlaşma, ümumi vəziyyətin dərk olunması kimi anlayışlar kənara atılır. Hətta təşkilat səviyyəsində dünyada gedən proseslər belə normal şəkildə təhlil olunmur. Anlamaq istəmirlər ki, dünyada təhlükəsizlik sistemi tam olaraq iflasa uğrayıb. Dünyada yeni münasibətlər, hətta yeni dünya xəritəsi çəkilir. Amma AŞPA-dakılar bunu dərk etmək istəmir. Çünki onlar köhnə ab-hava ilə yaşayaraq başqalarının inkar etmək iddiasındadırlar. Əslində bununla özlərini inkar etmiş olurlar.

- Təşkilatın normal münasibətlərdən yayınması hansı amillərlə izah oluna bilər?

- Artıq AŞPA-da iclasdan-iclasa Azərbaycanla bağlı hansısa əsassız qətnamələri, müzakirələri, yalan və böhtanla dolu məsələləri gündəmə gətirmək bir daha onların normal ünsiyyət yaratmaq niyyətindən uzaq olduğunu göstərir. Təəssüflər olsun ki, eyni vəziyyət Avropa Parlamentinin içərisində də mövcuddur. AP-nin daxilində olan bəzi qurumlar yenidən Azərbaycanla bağlı məsələləri gündəmə gətirmək istəyirlər.

- Ölkəmizə qarşı bu cür davamlı siyasi hücumlar haradan qaynaqlanır?

- Əslində bunun arxasında kimlərin dayandığı məlumdur. Azərbaycana qarşı bu cür hücumların arxasında birmənalı olaraq fransızlar və başqaları dayanır. Sözsüz ki, həmişə beynəlxalq münasibətlərdə hadisələrin arxasında kimlərsə olur. Ona görə də, bu cür amillərə qarşı həmin beynəlxalq təşkilatın özünün gücü, nüfuzu, təsiri olmalıdır ki, o, öz sözünü deyə bilsin. Çünki beynəlxalq təşkilat bir-iki ölkədən ibarət deyil. Hətta bu mötəbər qurumlar bir-iki insandan asılı ola bilməz.

- Sizcə, AŞPA, Avropa Parlamenti kimi təşkilatlarda kimlərinsə öz mövqeyini önə çəkməsi nə ilə bağlıdır?

- Bu gün reallıq məhz bu acı mənzərədən ibarətdir. İmkan yaradıblar ki, bir-iki ölkə bu təşkilata diktə etsin, bir-iki insan isə həmin qurumları girov saxlasın. Ona görə də, bu təşkilatlarla ünsiyyətdə olmaq çox çətindir.

- Azərbaycan üçün seçim nədən ibarətdir?

- Ölkəmiz heç bir ölkə və təşkilatla qarşılıqlı ünsiyyətdən imtina etmir. AŞPA, Avropa Parlamenti ilə də eyni yanaşma sərgilənir. Azərbaycan qapını açıq saxlayıb. Ötən ay Bakıda keçirilən COP29 tədbirlərində bu mənzərə daha açıq şəkildə özünü göstərdi. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də COP29-da iştirak etdi. Hətta Prezident İlham Əliyev tərəfindən də qəbul edildi və onunla konstruktiv söhbətlər aparıldı. O cümlədən, Avropa Parlamentinin nümayəndə heyəti də Bakıya gəlmişdi. Onlarla da vacib görüşlər, söhbətlər aparıldı. Amma təəssüf ki, həmin təşkilatlar bu reallığı da başa düşə bilmədilər. Sözsüz ki, bu, onların problemidir.

- AŞPA-nın yanvar sessiyasında yenidən Azərbaycanla bağlı hansısa məsələnin gündəmə gətirilməsi ehtimalı varmı?

- Sözsüz ki, Şuranın yanvar sessiyasında Azərbaycana “hücum” etmək niyyətində olacaqlar. Çünki hazırda Azərbaycandan başqa heç kimi görmək istəmirlər. Növbəti hədəf kimi Gürcüstanı da seçə biləcəklər. Ermənistanla bağlı isə məsələ tamam fərqlidir.

Избранный
4
1
herbiand.az

2Источники