RU

Saxta və şou xarakterli başlıqlar medianın etibarlılığına zərbə vurur - Media savadlılığı nə üçün vacibdir?- VİDEO

Media savadlılığı insanların müxtəlif media platformalarından əldə etdikləri informasiyaları dəyərləndirmə, analiz etmə və düzgün anlama bacarığıdır. Bu savadlılıq insanlara xəbərlərin, məlumatların və medianın təsirini dərk etməyə, dezinformasiyadan uzaq durmağa və obyektiv informasiya seçməyə kömək edir. Son illər Azərbaycanda əhalinin media savadlılığının inkişafı istiqamətində çox ciddi addımlar atılır. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə əhalinin bütün istiqamətlərdə maarifləndirilməsi sarıdan vaxtaşırı müsabiqələr, tədbirlər keçirilir.

Ötən gün də aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilən “Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif qurumların rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “Media Savadlılığı” Konfransı baş tutub.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Medianın İnkişafı Agentliyinin elan etdiyi 16-22 dekabr tarixləri arasında “Media savadlılığı” həftəsi çərçivəsində vacib məsələlərlə bağlı şərh verib. Onun şərhi jurnalistikada mövcud olan problemləri və bu problemlərin aradan qaldırılması üçün atılmalı addımları gündəmə gətirib.

Ekspert deyib ki, bəzi media subyektlərinin uzun müddətdir tərgidə bilmədiyi texniki və məntiqi xətalar sonrakı dövrlərdə yeni yaranan həm yazılı, həm də audivizual mediada təkrarlanmağa davam edir:

"Xüsusilə terminlərdən düzgün istifadə edilməməsi, xəbər başlıqlarının məzmunla əlaqəsiz olması və bəzi hallarda qeyri-etik foto və videolardan istifadə geniş yayılmış problemlər sırasındadır. Bu isə jurnalistikanın əsas prinsiplərini - obyektivlik və qərəzsizliyi təhlükə altına alır.

Xəbər başlığı materialın üzü hesab edilir. Oxucu ilk növbədə başlığa diqqət edir və onu oxuyaraq xəbərə maraq göstərir. Lakin bəzi hallarda başlıqlar həqiqətə uyğun olmur və ya məzmunla tamamilə əlaqəsiz yazılır. Bu da oxucunu çaşdırmaqla yanaşı, medianın etibarlılığına zərbə vurur. Başlıqlar sensasiya yaratmaq məqsədilə yazıldıqda, bu, oxucunun xəbərə olan inamını sarsıdır və jurnalistikanın peşəkarlıq səviyyəsini aşağı salır.

Elməddin Muradlı xəbərlərin terminologiyasında buraxılan səhvlərə də toxunub. O bilririb ki, "oğurluq", “quldurluq” və "soyğunçuluq" kimi hüquqi terminlər tez-tez bir-biri ilə qarışdırılır:

"Halbuki, bu terminlər tamamilə fərqli hüquqi məna daşıyır. Jurnalistlər hər bir termini düzgün başa düşməli və ondan kontekstə uyğun istifadə etməlidir. Bu, yalnız jurnalistikanın yox, həm də ictimaiyyətin doğru məlumatlandırılmasına xidmət edir.

Yol qəzaları və faciəvi hadisələr zamanı bəzi media orqanlarının qeyri-etik görüntüləri paylaşması cəmiyyətin mənəvi dəyərlərinə və zərərçəkmişlərin şəxsi hüquqlarına ziddir. Bu cür görüntülərin yayılması jurnalistikanın humanist mahiyyətinə ziddir və oxucuların mediaya olan inamını sarsıdır. Xəbərlərin hazırlanmasında rəqəmlərin və statistik məlumatların düzgün təqdim olunması vacibdir. Lakin bəzən rəqəmlərdə ciddi səhvlərə yol verilir. Bu isə məlumatın doğruluğunu şübhə altına alır. Jurnalistlər rəqəmlərdən istifadə edərkən mənbənin etibarlılığını yoxlamalı və hadisələri düzgün təhlil etməlidirlər. Media məkanında tez-tez ekspertlərin rəyləri onların qərarı kimi təqdim edilir. Bu da oxucuların yanlış yönləndirilməsinə səbəb olur”.

Ekspert bu məsələdə jurnalistlərin daha məsuliyyətli davranmasının vacibliyini vurğulayıb:

"Ekspert rəyi yalnız məlumatlandırıcı xarakter daşıyır və qərar kimi təqdim olunmamalıdır. Bu problemlərin həlli üçün media savadlılığının artırılması vacibdir. Bunun üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Bəzən bir media orqanının işçisi hansısa mövzuda açıqlama almaq istəyərkən redaktorunun ona göndərdiyi mesajı birbaşa yönləndirmə ilə mənə göndərir. Sualı analiz etmədən, başa düşmədən səhvlər buraxaraq yollayır. Bəzən də açıqlama aldıqdan sonra öz yazdıqları mətndə, xüsusilə başlıqda mənim müsahibə tamamilə zidd qeyd aparırlar. Məhz yüksək baxış, oxunma sayı əldə edə bilmək üçün əhalini aldadırlar. Mənim adımdan saxta məlumat yerləşdirirlər, belə olan halda da məni sürücülərin yanında pis vəziyyətə qoymuş olurlar. Biz ekspertlər yalnız qanunvercilikdə qeyd olunanları əhaliyə izah edirik".

Elməddin Muradlının media savadlılığının inkişaf etdirilməsinin vacibliyini qeyd etdiyi həmin videonu sizə təqdim edirik:

https://medialiteracy.media.gov.az/

Səfər

 

Избранный
17
avtosfer.az

1Источники