RU

Süni intellekt müəllimlərin rolunu əvəz edə bilər? - AÇIQLAMA

"Süni intellektin, demək olar ki, həyatımızın hər tərəfində müəyyən mənada təsiri olacaq və olmaqdadır. Hal-hazırda təhsildə süni intellektdən daha çox tələbələr müəyyən tapşırıqları və bilikləri əldə etmək üçün istifadə edirlər. Bunun müəyyən qədər plagiat və etik problemləri də var".

Bu fikirləri təhsil eksperti Elçin Süleymanov Redaktor.az-a açıqlamasında təhsildə süni intellektin rolundan danışarkən bildirdi.

Onun sözlərinə görə, ədəbiyyat axtarışı, müəyyən mövzuda əlaqəli bir məqalənin strukturu və s. kimi məsələlərdə süni intellektin imkanlarından istifadə oluna bilər:

"Amma daha sonra mütləq şəxs öz bilgi və zəkasını işin içinə qatmalıdır ki, orijinal bir tədqiqat ortaya qoya bilsin. Ümumi olaraq orta təhsildə süni intellektdən şagirdlərin dərsi anlaması, ölçülməsi məqsədilə istifadə edilə bilər. Süni intellekt şagirdlərin üz mimikasını, imtahan nəticələrini və s. incələyərək hansı mövzuları daha çətin başa düşdüyünü, hər şagirdə uyğun tədris metodikasını təqdim edə bilir. Bu yolla süni intellektdən təhsilin keyfiyyətinin artırılması üçün istifadə oluna bilir. Dil öyrənməkdə, dizayn, musiqi və s. istiqamətlərdə süni intellektdən istifadə edilmir. Ümumiyyətlə, Dünya İqtisadi Forumunun 2024-cü ildə gələcəyin peşələri hesabatında hər il əmək bazarına yeni ixtisaslar daxil olur, mövcud ixtisaslar isə öz aktuallığının 15-20 faizini müəyyən müddətdən sonra itirir. Orada gələcəyin ixtisaslarına baxdığımız zaman kritik düşüncə, kollektivlə işləmə və s. kimi keyfiyyətlərlə yanaşı, eyni zamanda süni intellektdən istifadə etmə, süni intellekt vasitəsilə öz işini asanlaşdırma, süni intellekt sistemlərinə düzgün sualı soruşma ilə əlaqədar "süni intellekt mütəxəssisi", "süni intellekt mühəndisi" kimi ixtisasların aktual və populyar olacağı qeyd olunur".

Elçin

Ekspertin sözlərinə görə, süni intellekt təhsildə müəllimlərin rolunu tamamən əlindən ala bilməz:

"Bu, birmənalıdır. Amma müəllimlər tədrisi daha maraqlı, daha keyfiyyətli etmək üçün, şagirdlər öz tapşırıqlarını daha hesabatlı etmək üçün süni intellekt imkanlarından istifadə edə bilər və etməlidirlər. Bu, müəyyən vaxtdan sonra qaçılmaz olacaq. Dolayısı ilə tədris nəyinsə əzbərləməsi yox, alətlərinin düzgün, ardıcıl, məntiqə uyğun istifadə edilməsi üzərində qurulmalıdır. Burada süni intellekt də şagirdlərə dəstək verməlidir".

Sevinc İBRAHİMZADƏ

Избранный
12
1
redaktor.az

2Источники