Rəsul Cahangirli: “Ermənistan reeksport sayəsində Rusiyanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib”
Üçüncü rübün nəticələrinə görə, Rusiya Belarus (52,7%) və Ermənistan (41,1%) arasında ticarət dövriyyəsində birinci, Qazaxıstan (18,7%), Özbəkistan (18%), Qırğızıstan (23%) ilə ticarət dövriyyəsində ikinci yerdədir.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
“Rusiya MDB ölkələrini davamlı inkişaf üçün zəruri olan mal və resurslarla təmin edən ən böyük təchizatçı olaraq qalır və regionun ən böyük iqtisadiyyatı kimi mühüm bazardır. MDB-dəki tərəfdaşlarımızla münasibətlərimizdə adi hal kimi qəbul etməyə adət etdiyimiz şeylərin çoxu Birlik məkanında çoxillik işimizin nəticəsidir. Məsələn, mallarda mövcud azad ticarət rejimi sayəsində, şəkər istisna olmaqla, bütün məhsullar milli bazarlara rüsumsuz çıxarılır. Təbii, o şərtlə ki, texniki və sanitar normalara uyğun olsun”, - Mişustin deyib.
Mişustinin açıqlamasından məlum olub ki, Rusiyanın ticarət dövriyyəsində Ermənistan əsas yerdədir. MDB çərçivəsində Rusiya xarici ticarətində ikinci böyük tərəfdaş Ermənistandır. Birinci tərəfdaş isə Belarusdur. Rusiyanın ticarət tərəfdaşları arasında Ermənistanın mühüm çəkiyə malik olması diqqət çəkir.
“O baxımdan, təbii olaraq iki ölkə arasında qısa müddətdə ticarət dövriyyəsinin bu qədər artması mümkün deyil”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Rusiyanın xarici ticarətində bu qədər böyük paya malik olması yalnız sanksiya amili ilə əlaqədardır: “Bunu təkcə biz demirik. Ermənilər özləri də bunu etiraf edirlər. Yəni Ermənistan reeksport sayəsində Rusiyanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Məlum olduğu kimi, Ukrayna müharibəsi ilə əlaqədar Qərb Rusiyaya qarşı çoxsaylı sanksiyalar paketi qəbul edib. Hələ də sanksiyaların miqyası genişləndirilir. Bu səbəbdən Rusiya sanksiya altında olan məhsulları Ermənistan üzərindən idxal edir. Ona görə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmində belə kəskin artım var və baş nazir Mişustin də bunu bəh-bəhlə bəyan edir. Belarusla Rusiya arasında ticarət dövriyyəsinin yüksək olmasının bəlli səbəbləri var. Ən azından, Belarusla Rusiya ilə ittifaq müqaviləsinə malikdir. O zaman maraqlıdır, əhalisi 3 milyon nəfər olan, Rusiya ilə birbaşa quru sərhədi olmayan Ermənistan necə olur ki, bu ölkənin əsas ticarət tərəfdaşı olur? Üstəlik, Ermənistan bir sıra parametrlərə görə MDB-də sonuncu yerdədir. O baxımdan, təbii olaraq, Rusiya ilə Ermənistan arasında qısa müddətdə ticarət dövriyyəsinin bu qədər artması mümkün deyil. Çünki Ermənistanın iqtisadi imkanları çox kiçikdir. Yalnız sanksiya altında olan məhsulların təkrar Rusiyaya ixrac olunması nəticəsində Ermənistan əsas ticarət tərəfdaşına çevrilib”.
Vidadi ORDAHALLI