Bu gün Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, Aqil Abbas, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Çimnaz Əliyevanı 75 yaşının tamam olması münasibətilə təbrik edərək onun işlədiyi bütün sahələrdə bacarığı, təşkilatçılıq qabiliyyəti və yüksək peşəkarlığı ilə seçilməsindən, 1993-cü ildə Ağdam rayonunun erməni vandalları tərəfindən işğalından sonra əhalinin respublikanın müxtəlif rayonlarında məskunlaşmasında, ehtiyaclarının qarşılanmasında və onların sosial problemlərinin həllində yaxında iştirak etməsindən və əsl ağdamlı olaraq daim onların qayğısına qalmasından, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu müddətdə bir sıra qanun layihələrinin hazırlanmasındak fəal iştirakından bəhs ediblər.
Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri iştirakçılara təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.