Futbol üzrə Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində məhsuldar ötürmə müəllifi olub.
Arena.az xəbər verir ki, 29 yaşlı vinger bu gün Türkiyə Kubokunun 5-ci təsnifat mərhələsi çərçivəsində baş tutan “1461 Trabzon” komandası ilə oyunun iştirakçısı olub.
Vüsalın komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Bolu təmsilçisi bu oyunda 4:0 hesablı qələbəyə sevinib. İsgəndərli də bu matçın iştirakçısı olub. 71-ci dəqiqədə meydana daxil olan oyunçu 77-ci dəqiqədə komandasının sonuncu qolunun vurulmasında yaxından iştirak edib.
Rəqibini 4 cavabsız qolla üstələyən “Boluspor” Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. Vüsalın komandasının növbəti rəqibləri qarşıdakı günlərdə təşkil olunacaq püşkatma mərasimindən sonra müəyyənləşəcək.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 20 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.