RU

Söz azadlığı “fədai”lərinin yediyi milyon manat: “Meydan TV”nin ifşası ilə ortaya çıxan rəqəmlər – VİDEO

Özlərini guya söz azadlığının fədaisi, haqsızlıqla mübarizədə məşəqqətlərlə dolu peşə fəaliyyətinin əzabkeşləri kimi tanıdan “Meydan TV” əməkdaşlarının qaçaqmalçılıqda şübhəli bilinərək həbs edilmələrindən sonra istintaq prosesində bir sıra maraqlı, bir o qədər də ictimaiyyət üçün təəccüb doğuran nüanslar ortaya çıxıb.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu səbəbdən də mənbənin bizə bildirdiyi bəzi məqamların ictimailəşdirilməsinin faydalı olacağını düşünürük. Çünki sözügedən dəstənin sosial mediada yaratdığı içiboş fədai imici təəssüf ki, bir çox hallarda, müəyyən çevrələrdə hələ də öz təsirini saxlayır. Məsələ burasındadır ki, fərqli, dövlətçi mövqe tutan jurnalistləri sifariş yerinə yetirməkdə, maddi maraq üçün peşəsini satmaqda ittiham edib öz troll qrupları vasitəsilə sosial şəbəkələrdə qaralayanların özlərinin konkret məbləğlər uğrunda çıxdıqları hoqqalar, satdıqları dəyərlər yetərincə heyrət doğurur. Əslində hər şey xarici, anti-Azərbaycan maraq dairələrinin təmin etdiyi yüz minlərlə avro məbləğində pullar üçün edilib. Söz azadlığı, insan haqları, şəffaflıq kimi şüarlar sadəcə əsl niyyətin gizlədilməsi və kimlərinsə ölkə daxilində təxribatlarına vasitə olmaq üçün kamuflyaj olub. Bu məqamda bir neçə konkret faktı təqdim etmək, tam yerinə düşər.

“Meydan TV” ətrafında baş verənlərlə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin faktiki rəhbəri Ülvi Tahirovla bağlı araşdırma zamanı məlum olub ki, onun 2016-cı ildən qrant layihələrində iştirakını təsdiqləyən inkaredilməz faktlar var. Həmçinin qrantların icrası üzrə tərtib edilmiş hesabatlarda jurnalist qismində cəlb olunan şəxslərə verilmiş konkret tapşırıqların siyahısı da ortadadır. Misal üçün, Azərbaycanda sosial vəziyyətin ağırlığının aşılanması, təhsil sisteminin keyfiyyətinin aşağı olmasının qabardılması, seçkilərin qeyri-şəffaf keçməsini təlqin edərək təhrif olunmuş ictimai-rəyin yaradılması və sair. Qeyd edək ki, sözügedən mövzuda videomateriallar “Bu da var” adlı “Youtube” kanalında yerləşdirilərək təsnif edilib.

Təbii ki, bütün bunlar heç də həvəskar motivlərlə, fədakarlıqla edilməyib. Həmin mövzuların konkret tapşırıqlar əsasında hazırlanması üçün Bakı Jurnalistika Məktəbinə qrantlar şəklində ümumilikdə 591350 avro, yəni 1100000 manat vəsait ötürülüb. Həmçinin mənbənin bildirdiyinə görə, axtarışlar zamanı sözügedən təşkilatın ofisində 2025-2026-cı illərdə də ötürülməsi planlaşdırılan 192350 avro, yəni 355000 manatın sifariş sənədləri ortaya çıxıb.

Məsələnin nə dərəcədə sistemli və maddi maraq qarşılığında olduğu daha aydın anlaşılsın deyə sifarişçi və icraçı arasındakı hesabatların sistemliliyini ortaya qoysaq, mənzərə daha aşkar görünər. Misal üçün, 1 iyul 2016-cı il – 30 iyun 2017-ci il tarixləri arasında Ülvi Tahirov sifarişçisindən 71000 avro, 1 iyul 2017-ci il – 30 iyun 2018-ci il 91200 avro, 1 oktyabr 2018-ci il – 30 sentyabr 2019-cu il – 82970 avro, 1 oktyabr 2019-cu il – 30 sentyabr 2021-ci il – 167540 avro, 1 oktyabr 2021-ci il – 31 oktyabr 2023-cü il – 178640 avro qəbul edib. Belə ki, Ülvi Tahirovun, Belçikadakı Avropa Demokratiya Fondu ( The European Endowment for Democracy) donor təşkilatından “BPP131/2019/890 nömrəli layihə üzrə 167540 avro məbləğdə qrant vəsaitini almaq məqsədilə 2021-ci ildə “5295653105075765” və “5295653105075716” nömrəli xarici bank kartları əldə etdiyi məlum olub. (European Payments).

Mənbənin bildirdiyi faktlar üzrə araşdırmalar zamanı bir sıra tanınmış simaların da adı keçir. Bundan əvvəl qeyd etdiyimiz mövzular üzrə sifarişləri icra etmək üçün ötürülən qrant layihələrində direktor Ülvi Tahirov və Zərdüşt Əlizadə, ofis meneceri – “Meydan TV” ilə əməkdaşlıq edən Əhməd Muxtarov, təlimçilər, “Azadlıq” radiosunun Azərbaycan bürosunun koordinatoru Zeynal Məmmədov və “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Qənbərovanın iştirakı müəyyən edilib. Layihələrdə tərcüməçi Əfsanə Tahirova, “FEMACT” MMC-nin direktoru Pərvanə Məmmədova və “Meydan TV” ilə əməkdaşlıq edən feminist Gülər Mehdizadə isə mühasib, Sevda İsmayılova məsləhətçi qismində fəaliyyət göstəriblər. Ofis və mənzillərdə aparılan axtarışlar zamanı adıçəkilən şəxslərlə bağlanmış xidməti müqavilələr, xidmət qarşılığında edilmiş ödənişlərin qəbzləri və başqa sənədlər aşkarlanıb.

Təqdim edilən məqamlardan açıq-aşkar görünür ki, ölkədaxili proseslərə müdaxilə etmək istəyən xarici qüvvələr öz maşalarını tapmaq üçün heç də uzağa getməyiblər. Onlar illər ərzində yetişdirdikləri təxribatçı və tamahkar qruplarla zaman-zaman təmasda olublar, onlardan təyinatları üzrə istifadə ediblər. Həmçinin bir məqam da aydın olur ki, Azərbaycan dövləti də bu proseslərin fərqində olub və sözügedən dəstəni və onların sahiblərini bu illər ərzində addım-addım izləyib, lazımı tədbirləri görüb.

Anlaşılan odur ki, ifşa prosesi bundan sonra da davam edəcək. Əslində hal-hazırda da məlum çevrələrlə əməkdaşlıq edən, onların təsirində olan şəxslər üçün yaxşı şərait yaranıb ki, könüllü olaraq ya yanlış yoldan dönsünlər, ya da hansısa səbəbdən geri çəkilə bilmirlərsə, Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Избранный
18
4
medianews.az

5Источники