RU

İsa Həbibbəyli: AMEA ilə Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası arasında əməkdaşlıq əlaqələri genişlənir

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusevlə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli akademiyanın son illərdə dünya elmində vacib qərarların qəbulunda söz sahibinə malik olan bir sıra beynəlxalq təşkilatlara üzv seçildiyini, bunlardan ilk təşkilatın isə Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası olduğunu bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına üzv olduğu ötən iki il ərzində qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmiz təmsil olunub, həmçinin bu günlərdə Bakıda keçirilmiş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda AASSA rəhbərliyi də iştirak edib. Akademiya rəhbəri AMEA-nın AASSA ilə tərəfdaşlığı çərçivəsində humanitar elmlər sahəsində Çinlə elmi əlaqələrin möhkəmləndiriləcəyi, Malayziya və Sinqapurla yeni əlaqələrin yaradılacağına əminliyini bildirib.

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev AMEA-nın AASSA-ya üzv olduqdan sonra assosiasiyanın fəaliyyətində aktiv rol oynadığını, qəbul edilmiş önəmli qərarların qəbulunda yaxından iştirak etdiyini, öz təkliflərini verdiyini bildirib. O, “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın Asiya xalqlarının mütəxəssisləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verdiyini deyib. Həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu cür sanballı konfransları keçirməklə AASSA-da humanitar sahədəki boşluğun doldurulmasına töhfə vermiş olur.

Görüşdə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Избранный
10
4
azertag.az

5Источники