RU

Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..

Erməni hakimiyyəti Qarabağın Azərbaycana məxsus torpaqlara mülkiyyət hüququ sənədləri təqdim edirdi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da məlumat verib. Bu açıqlama Tavuş bölgəsinin Kirants kəndində qonşu Azərbaycan torpaqlarına iddia edən sakinlərin qanunsuz torpaq mülkiyyəti məsələlərinin araşdırılmasına səbəb olub.

“Kirantsda mübahisəli olan bir neçə mülkiyyət şəhadətnaməsi çox güman ki, qanunsuz şəkildə verilib. Hökumət onların hüquqi əsaslarını araşdırdı və heç bir qanuni əsas tapmadı,” - deyə Paşinyan bildirib və əlavə edib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşündə əldə olunan razılaşma çərçivəsində Qazaxın qaytarılan 4 kəndindən biri də Xeyrımlıdır. Bu kənd 1992-ci il martın 8-də ermənilər tərəfindən işğal olunub, insanlar yurdlarından didərgin düşüblər. Xeyrimlinin əhalisi əkinçilik, heyvandarlıq və tütünçülüklə məşğul olub.

Kənd sakinləri məcburi köçkün düşən gündən rayonun müxtəlif yerlərində məskunlaşmalı olublar. Əksəriyyəti isə o vaxt məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayıblar. Sakinlər bildirirlər ki, 32 ildir kəndlərindən kənarda yaşamaq məcburiyyətində qalıblar. Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.

Bu sözləri “Qazax” Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan özü erməni müxalifətinin cavabını layiqli verir: “Bilirsiniz ki, demarkasiya və delimitasiya işləri aparıldı. Bu işlər aparılan zaman bütün sərhəd nöqtələri müəyyən edildi. Nəticədə sərhəd olan bu dörd kənd Azərbaycan tərəfə keçdi. Yəni hansı ərazilər özəlləşdirilmişdisə, qaytarıldı. Sovetlər dağılan zaman o kəndlər Azərbaycan tərəfdə idi. Bir sözlə bu kəndlər Azərbaycanın tarixi torpaqlarıdır. Onun özəlləşdirilməsi qeyri-qanuni idi. Əgər bunu qeyri-qanuni özəlləşdirmişdilərsə, kompensasiyanı erməni hakimiyyətinin özü ödəməlidir. Burada problem varsa, bu onların öz problemləridir. Bizim hələ 4 kəndimiz Ermənistan tərəfdə qalıb, Qazaxın 3, Naxçıvanın bir kəndi. Ermənilər bu istiqamətdə fəaliyyətlərini birtərəfli dayandırıblar. Bilirsiniz ki, Şahid Mustafayev Azərbaycan tərəfdən belə bir mühüm komissiyanın rəhbəridir. Onun özü də həmin əraziləri çox yaxşı tanıyır. Çünki həmin ərazilərdə böyüyüb başa çatıb, orada təhsil alıb. Təbii ki, bu zastavalar mütləq formada inşa olunmalıdır. Hələ ki, müvəqqəti zastavalar salınıb. Onlara böyük şərait yaradılmalıdır. O şərait boşaldılmış kəndlərdə mütləq formada yaradılacaq. Yəni bizim sərhədçilər çox rahat formada öz vəzifələrini icra edəcəklər. Cənab prezident dəfələrlə qeyd edib ki, o kəndlərə mütləq qayıdacağıq. Həmin bu 4 kənddə yəqin ki, bərpa işləri aparılacaq. Dövlət proqramına uyğun şəkildə o kəndlərə də bizim vətəndaşlar qayıdacaq.”.

Əslən Qazaxdan olan AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu cür sənədlərin yalnız işğalçı qüvvələrin məqsədini güdmədiyini vurğuladı: “Qazax rayonu, Azərbaycanın qərb sərhədində yerləşən və strateji əhəmiyyət kəsb edən bir regiondur. Həm tarixi, həm də coğrafi mövqeyinə görə bu rayon, ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyü baxımından xüsusilə vacibdir. Qazaxın kəndlərinin işğalı 1990-cı illərdəki siyasi və hərbi vəziyyətin nəticəsi olaraq baş verib. Bu gün Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpa olunması ilə Qazaxın işğaldan azad edilmiş hissəsi artıq Azərbaycanın suverenliyi altına qayıdıb. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə verilən mülkiyyət sənədləri, ölkəmizə çox ciddi hüquqi imkanlar yaradır. Azərbaycan, bu sənədləri əsas tutaraq, Ermənistan qarşısında mülkiyyət hüquqlarının pozulması və ərazi bütövlüyünün əleyhinə edilən hərəkətlərə dair iddialar qaldıra bilər. Bu iddialar əsasında, həm Azərbaycan dövlətinin, həm də Qazax sakinlərinin hüquqları qorunaraq, beynəlxalq məhkəmələrdə müvafiq təzminatlar tələb edilə bilər. Dövlət olaraq da bu məsələlərin hüquqi çərçivədə həll edilməsi Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyini daha da gücləndirir.

Ermənistanın bu cür sənədləri təqdim etməsi yalnız mülkiyyət məsələlərini deyil, həm də dövlətin öz vətəndaşları ilə bağlı yaratdığı hüquqi məsələləri ön plana çıxarır. Belə bir vəziyyət, Paşinyan hökumətinin daxili siyasətində istifadə etdiyi mübarizəyə çevrilir. Köhnə hökumətin dövründə işğal altındakı ərazilərdə həyata keçirilən hər hansı bir hüquqi və ya inzibati fəaliyyət, bu gün Paşinyan tərəfindən yerli siyasi mübarizə məqsədləri üçün istifadə olunur. Bu sənədlər həmçinin, Ermənistanın mülkiyyət məsələləri ilə bağlı öz vətəndaşları ilə qarşı-qarşıya gəlməsinə səbəb olur, çünki işğal edilmiş ərazilərdə verilən sənədlər hüquqi olaraq qeyri-qanunidir və bu, erməni vətəndaşları tərəfindən də etirazla qarşılanır".


Избранный
23
2
azia.az

3Источники