RU

Jest informatikasının problemləri və perspektivləri ilə bağlı tədqiqatlar aparılıb

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Jest informatikası - istiqamətləri, hədəfləri, problemləri, perspektivləri” mövzusunda məruzə dinlənilib.

Bu barədə Tehsil.biz-ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova jest dilinin işarələr sistemi, statik və dinamik jestlər, jestlərin qeyd edilməsi texnologiyaları və metodları, onların tanınma mərhələləri və s. haqqında məlumat verib.

O, informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafının cəmiyyətin bütün sahələrində informasiyanın rolunu artırdığını, informasiya cəmiyyətini formalaşdırdığını, eləcə də süni intellektə əsaslanan texnologiyaların təmassız idarə olunması prosesinin jestlərin tanınması sistemləri ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Jest dilinin tətbiq sahələrinə kommunikasiya, robototexnika, idman, təhsil, psixologiya, hüquq və s. daxil olduğunu söyləyən K.Qurbanova jestlərin qeyd edilməsi texnologiyaları haqqında məlumat verib. Onun sözlərinə görə, insan-maşın qarşılıqlı əlaqəsində kommunikasiya sisteminin əsas parametri informasiyanın ötürülməsi və qəbul edilməsidir. Jest dilinin tanınması bu dil ilə ifadə olunan hər hansı informasiyanın şifahi dilə və əksinə çevrilməsi prosesidir. Burada jest dilinin və şifahi dilin bütün komponentlərini özündə cəmləşdirən məlumat bazasının və jest dilini şifahi dilə və əksinə çevirən modelləşmiş mexanizmin mövcudluğu əsas şərtdir

Məruzəçi qeyd edib ki, jest – gözün ifadəsi, üzün mimikası, baş, əl və bədən hərəkətlərinin məcmusudur. Jestlər fiziki şəxslər arasında məlumat mübadiləsidir, ünsiyyət quran fiziki şəxslərin emosional siqnallarının təbii vasitələrlə ötürülməsidir.

Eşitmə və nitq məhdudiyyətli insanlar jestlərdən informasiyanın ötürülməsində əsas vasitə kimi, şifahi nitqlə danışan insanlar isə təəssüratın, fikrin, əhval-ruhiyyənin xüsusi formada və ya daha mənalı, obrazlı şəkildə çatdırılması üçün nitqə köməkçi vasitə kimi istifadə edirlər.

Daktil əlifba haqqında da məlumat verən məruzəçi qeyd edib ki, bu əlifba əlin müxtəlif vəziyyəti ilə hərflərin canlandırılmasıdır. Əlifbanın ayrı-ayrı hərfləri daktilem adlanır.

Kompüter texnologiyaları sahəsindəki yeniliklər, multimedia vasitələri və əlverişli, yüksəkkeyfiyyətli video kameralar eşitmə və nitq məhdudiyyətli insanların informasiya mübadiləsini reallaşdıran jestlərin tanınması probleminin həllində başlıca rol oynayır. Jest dilinin avtomatik tərcüməsi məsələsinə əlin hərəkətinin izlənməsi, göstərilən jestlərin ardıcıl tanınması və onların mətn formasında yığılması daxildir. Jestlərin tanınması probleminin həlli müxtəlif riyazi metodların, alqoritmlərin və kompüter sistemlərinin vasitəsi ilə reallaşır.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı təklif və tövsiyələrini səsləndirib, jest informatikasının müasir vəziyyətinə dair tədqiqatların dərinləşdirilməsinin, dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Избранный
3
1
tehsil.biz

2Источники