RU

“İsveç dəfələrlə boşluq verdi, yığmamız yalnız üçündən yararlandı” – yüksək liqanın lideri

AÇ-2026-nın seçmə mərhələsində ilk oyununu keçirən futzal yığmamız dünən evdə İsveçlə heç-heçə etdi – 3:3. Oktay Rüstəmlinin sona iki saniyə qalmış vurduğu qolla məğlubiyyətdən xilas olduq. Halbuki 5-ci qrupu ilk iki pillədən birində başa vurmaq istəyən komandamız üçün qələbə daha sərfəli nəticə sayılacaqdı.

“Football-plus.az” matçla bağlı fikirlərini öyrənmək üçün yüksək liqanın lideri olan “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazovun fikirlərini öyrəndi:

“Bəli, bizə İsveçlə oyunda 3 xal çox vacib idi. Çünki İsveç və Yunanıstan Xorvatiya millisinə nisbətən zəif rəqiblərdi. Təəssüf ki, hesabda geri düşdük, yalnız son saniyələrdə məğlubiyyətdən qaça bildik. Məncə, komandamız rəqibinə nisbətən daha az səhv etdi. Qonaqlar arxa xətdə inamsız oynadı. İsveç dəfələrlə boşluq verdi, yığmamız yalnız üçündən yararlandı. Hesabda iki top önə keçsəydik, işimiz daha rahat olacaqdı. Fərqin bir top olması yığmamızı təzyiq altında saxlayırdı. Futzalda belə hallar performansa təsir edir”.

Bilindiyi kimi, millimizin heyətində dubl edən Oktay Rüstəmli “Baku Fire”da çıxış edir. Teymur bəy futzalçısının da çıxışını dəyərləndirdi:

“Oktayın iki qol vurması bizi həddən artıq sevindirdi. Oyun ərzində çox yaxşı təsir bağışladı. O, yüksək liqanın son turunda “Araz-Naxçıvan”a qarşı keçirdiyimiz matçda da ən yaxşılardan biri idi. Ümumiyyətlə, millimiz yaxşı oynadı. Yeni yaranan komandadı. Belə oyunlarda təcrübə vacibdi. Qarşıda ciddi rəqiblər var. İnanıram ki, zədəli oyunçular kollektivə qoşulandan sonra Xorvatiyaya da qarşı yaxşı çıxış edə biləcəyik”.

Qeyd edək ki, millimiz yanvarın 31-də Xorvatiyanın qonağı olacaq.

KƏNAN BAHADIR
Избранный
29
football-plus.az

1Источники