Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işləri davam edir. Dairədə aparılan təmir işləri ilə əlaqədar olaraq ərazidə günün müəyyən saatlarında ciddi tıxac müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə vətəndaşların yaranan tıxaclardan ciddi narazılığı müşahidə olunur.
Təmir bitdikdən sonra yolun infrastrukturu necə olacaq? Hansı dəyişiklik gözlənilir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidmətindən “referans.az”a məlumat verilib.
“Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.
- Layihə həyata keçirildikdən sonra münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
- dairənin buraxılış qabiliyyəti artırılacaq;
- hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
- piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub”.
Qurumdan verilən məlumatdan qeyd edilib ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur.